Bank Of Baku

Merkel və Sarkozi Avropanın bank sektorunu xilas etməyə söz veriblər

Merkel və Sarkozi Avropanın bank sektorunu xilas etməyə söz veriblər
# 10 oktyabr 2011 09:22 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya və Fransa iqtisadiyyatın kreditləşməsini təmin etmək məqsədilə Avropa banklarının təkrar kapitallaşması üçün bütün zəruri addımları atmaq niyyətindədir. “APA-Economics”in “Europe1” radiostansiyasına istinadən xəbərinə görə, bu barədə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi təkbətək görüşdən sonra açıqlama veriblər.

Avrozonanın borc böhranına həsr olunmuş görüşdə Almaniya və Fransa liderləri Avropanın bank sektorunun möhkəmləndirilməsi məsələsində razılaşma əldə ediblər. razılaşmanın detalları hələlik açıqlanmır.

“İqtisadi problemlərə tam və rasional yanaşma ortaya qoymalıyıq. Biz onu bu ayın axırına kimi təqdim etmək fikrindəyik ki, Avropa Kannda keçiriləcək G20 sammitinə kimi öz problemlərini həll edə bilsin” - deyə N.Sarkozi qeyd edib.

A.Merkel isə deyib ki, iqtisadi koordinasiyanın yaxşılaşması üçün Avropa İttifaqı haqqında baza sazişlərinə düzəlişlər edilməlidir. Onun fikrincə, Yunanıstana kredit ayıracaq “üçlük” (Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) Afinanın avrozonada qalmasını nəzərdə tutan plan təqdim edəcək.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR