Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət müştərilərə fiziki qızılı almadan əmanətlərini qızılda yerləşdirmək və saxlamaq imkanı verir.
Yeni əmanət növünün üstünlükləri investisiyaların etibarlılığı və həm bank faizlərindən, həm qızılın bahalaşmasından mənfəət götürmək imkanından ibarətdir. Əmanətin minimal həcmi 1 tr. unsiyasının (31,1 qram) ekvivalentinə bərabərdir. Əmanətin müddəti 3-12 ay ola bilər, lakin vəsaitin tələb olunanadək əmanət kimi də yerləşdirilməsi mümkündür. Faizlərin ödənilməsi əmanətin müddətinin sonunda həyata keçirilir.
Yeni əmanət üzrə faizlər aşağıdakı kimi hesablanır:
Depozitin müddəti | İllik faiz dərəcəsi | Potensial gəlirin məbləği | Faizlərin hesablanması üsulu |
Tələb olunanadək | Faizsiz | Qızılın qiymətindən formalaşan gəlir | - |
3 ay | 2% | Qızılın qiymətindən formalaşan faiz+illik 2% | Müddətin sonunda |
6 ay | 3% | Qızılın qiymətindən formalaşan faiz+illik 3% | Müddətin sonunda |
9 ay | 4% | Qızılın qiymətindən formalaşan faiz+illik 4% | Müddətin sonunda |
12 ay | 5% | Qızılın qiymətindən formalaşan faiz+illik 5% | Müddətin sonunda |
«Depozitin mahiyyətini izah etmək üçün aşağıdakı misal gətirmək olar. Cari ilin noyabrın 1-də 5 unsiyaya ekvivalentdə olan əmanət yerləşdirilib. Əmanətin müddəti 6 ay, illik faiz dərəcəsi 3%-dir. Həmin günə Azərbaycan Mərkəzi Bankının qızıl üzrə məzənnəsi 1 269,27 manata bərabərdir. Beləliklə, əmanətin açılması tarixinə 5 unsiyanın qiyməti 6 346,35 manatdır. Əmanətin sona çatması tarixi isə 2012-ci il mayın 2-dir», - deyə R.Ağayev bildirib.
«Mayın 3-də əmanəti və hesablanmış faizləri artıq götürmək olar. Həmin günə unsiyanın qiyməti 1 300 manatdır. Beləliklə, 6 346,35 manat dəyərində olan vəsait artıq 6 500 manata bərabərdir. Beləliklə, qızılın qiymətinin artması nəticəsində yaranan gəlir 153,65 manat olub. Bundan başqa, faizlər də həmin tarixə olan məzənnəyə əsasən hesablanacaq (5 unsiya * 3% / 12 * 6 = 0,075, yəni 0,075 unsiya * 1 300 manat = 97,5 manat). Beləliklə, əmanət üzrə məcmu gəlir 251,15 manat təşkil edib», - deyə Bankdan bildirilib.
Əmanət vaxtından əvvəl götürüldüyü halda, hesablanan faizlər ödənilmir, lakin qızılın qiymətinin artması nəticəsində yaranan gəlir müştəriyə ödənilir.
Misal. Əmanətçi 2012-ci ilin yanvarın 16-da əmanətinin götürülməsi üçün Banka müraciət edib. Bu günə qızılın məzənnəsi 1 276 manatdır. Bu halda əmanətçi Bankdan 1276X5 unsiya = 6 380 manat həcmində vəsait götürəcək. Beləliklə, əmanətçinin gəliri 6 380 – 6 346,35 = 33,65 manat təşkil edəcək.
Əmanət üzrə daha ətraflı məlumatı www.ibar.az Bankın internet saytında, (+99412) 437 7900 nömrəsi ilə Məlumat Mərkəzinə və ya *2265 nömrə ilə mobil operatorların vasitəsi ilə müraciət etməklə əldə etmək olar.