Bank Of Baku

Fransa və Almaniya büdcə kəsiri artan ölkələrə qarşı sanksiyalar tətbiq olunmasını təklif edir

Fransa və Almaniya büdcə kəsiri artan ölkələrə qarşı sanksiyalar tətbiq olunmasını təklif edir
# 06 dekabr 2011 07:40 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa və Almaniya büdcə kəsirinin həcmi üzrə Avropa qaydalarını pozan ölkələrə qarşı avtomatik sanksiyalar tətbiq olunması təklifi ilə çıxış edib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə Fransa prezidenti Nikola Sarkozi Almaniya kansleri Angela Merkel ilə görüşündən sonra açıqlama verib.

Onun sözlərinə görə, bu təkliflər onların imzalanmasını tələb etdiyi Avropa İttifaqının (Aİ) yeni birlik sazişinə daxil edilə bilər. Aİ üzvü olan 27 ölkənin sazişi imzalanması mümkün olmadığı halda, Almaniya və Fransanı konsensus variant - avrozona üzvü olan 17 ölkənin imzalaması da təmin edir.

Sarkozi və Merkel yeni sazişin mart ayında imzalanmasını istəyirlər. Hazırkı qaydalara görə, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Amma Aİ-nin qanunvericilik aktlarında bu tələbi pozan ölkələrə qarşı hər hansı sanksiya nəzərdə tutulmur.

Bundan başqa, Fransa və Almaniya maliyyə bazarlarının sabitləşməsi üçün vahid Avropa istiqrazlarının buraxılması ideyasını da dəstəkləmədiklərini bəyan ediblər. Merkel və Sarkozinin “Merkozi” adlandırılan təkliflər planı Aİ prezidenti Herman van Rompeyə ünvanlanacaq məktubda konkretləşdiriləcək.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR