Bank Of Baku

Asiya İnkişaf Bankı: Avrozona və ABŞ-da dərin tənəzzül riski Asiya üçün təhlükə yaradır

Asiya İnkişaf Bankı: Avrozona və ABŞ-da dərin tənəzzül riski Asiya üçün təhlükə yaradır
# 06 dekabr 2011 12:13 (UTC +04:00)
Belə ki, Avropadakı suveren borc problemləri və ABŞ-dakı zəif iqtisadi artım qlobal iqtisadi geriləmə təhlükəsi yaradıb. «APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) «Asiyanın iqtisadi monitorinqi» adlı hesabatında bildirilir.

Hesabata əsasən, Avrozona və ABŞ iqtisadiyyatındakı problemlər Şərqi Asiyaya ciddi təsir göstərsə də, bu təsirləri idarə etmək mümkün olacaq.

«Avropada yaranan qarışıqlıq Şərqi Asiyadakı ticarət və maliyyə sektoru üçün problem yaradır. Ona görə də regiondakı qərarverən şəxslər qlobal iqtisadi geriləmənin qarşısını almaq üçün sürətlə, qətiyyətlə və kollektiv şəkildə fəaliyyət göstərməlidir», - deyə AİB-in Regional İqtisadi İnteqrasiya Ofisinin rəhbəri Ayvan Azis (Iwan Azis) bildirib.

Hesabat 10 ASEAN ölkəsinin (Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnam) və Çin, Honkonq, Koreya və Tayvanın iqtisadiyyatını dəyərləndirir.

AİB 2012-ci il üçün regionun iqtisadi artımı ilə bağlı proqnozunu 7,5%-dən 7,2%-dək aşağı salmalı olub. Bu il üçün artım isə əvvəlki kimi 7,5% səviyyəsində saxlanılıb.

Hesabatın «Şərqi Asiya daha bir böhran yaşaya bilərmi?» adlı xüsusi bölməsində Avrozonada geriləməyə və ABŞ-da iqtisadi enişə səbəb ola biləcək amillər təsvir edilib. Hesabat müxtəlif ssenarilərə uyğun olaraq qlobal iqtisadi artımın regiona təsirini araşdırır. Şərqi Asiya bu regionda yerləşən ölkələrdən və Yaponiyadan ibarətdir.

«Ən pis ssenariyə görə, Avrozona və ABŞ 2009-cu ildə olduğu kimi iqtisadi problemlərlə üzləşsə belə, Şərqi Asiya gələn il 5,4% artımla inkişaf edəcək. Bu, verilən hazırkı proqnozdan 1,8% azdır. Lakin nəticələr 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran kimi sərt olmayacaq. Buna səbəb regionun ixracat bazarlarının diversifikasiyası və artımla bağlı yerli tələbatın artmasıdır» - deyə hesabatda bildirilir.

Bununla belə, regionun maliyyə sistemi 2008-ci ildə olduğu kimi həssas olaraq qalır. Hesabatda qeyd edilir ki, artan risqlər investorları Asiyadakı maliyyə aktivlərini azaltmağa vadar edəcək, amma yüksək səviyyəli Avropa banklarının kreditləri dayandırması daha sərt kredit şərtlərinə səbəb olacaq.

Hesabata əsasən, Avrozona iqtisadiyyatı gələn il 0,5%, ABŞ iqtisadiyyatı isə 2,1% artacaq. Bu il üçün AİB əvvəlki kimi hər iki iqtisadiyyat üçün müvafiq olaraq 1,7% və 1,6% artım proqnozlaşdırır.

Çinin iqtisadi artımının orta səviyyədə qalacağı gözlənilir və hətta yerli tələbat artsa belə, iqtisadi artımın 2012-ci ildə 8,8% olacağı gözlənilir. Bu il üçün Çinin iqtisadi artım proqnozu 9,3% səviyyəsindədir.

«Honkonq, Koreya, Sinqapur və Tayvan kimi yeni sənaye iqtisadiyyatlarının inkişafı bu il və gələn il aşağı düşəcək. Belə ki, bu ölkələr qonşularından çox beynəlxalq ticarətdən asılıdır. Bu isə həmin ölkələri Avropa və ABŞ-dakı iqtisadi problemlərə qarşı daha həssas edir», - hesabatda bildirilir.

ASEAN ölkələri əvvəlki gözləntilərlə müqayisədə daha zəif inkişaf edəcək. Xüsusilə də son su daşqınlarından əziyyət çəkən Tailand iqtisadiyyatının gələn il bərpa olunacağı gözlənilir. AİB hesab edir ki, bu il Tailand iqtisadiyyatı 2%, gələn il isə 4,5% inkişaf edəcək.

Həmçinin, Yaponiya iqtisadiyyatının son təbii fəlakətdən bərpa olunacağı gözlənilir, amma güclü yen ixracata zərbə vuracaq, yerli tələbat isə zəif qalacaq. AİB-in hesablamalarına görə, Yaponiyanın bu il üçün inkişafı 0,5%, gələn il üçünsə 2,5% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR