Bank Of Baku

Vergi Apelyasiya Şurası vergi yoxlamasının nəticəsini ləğv edib

Vergi Apelyasiya Şurası vergi yoxlamasının nəticəsini ləğv edib
# 06 dekabr 2011 13:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyində yaradılmış Vergi Apelyasiya Şurasının sonuncu iclasında iki sahibkarın müraciətinə baxılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fərdi sahibkar İlham Məmmədov ona məxsus “İlkin” mağazasında mayın 23-də Vergi Auditi Departamentinin əməkdaşları tərəfindən aparılan operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən və vergi orqanı əməkdaşlarının hərəkətlərindən şikayət edib.

Araşdırma zamanı məlum olub ki, mağazada operativ vergi nəzarəti aparılarkən müştəri tərəfindən alınmış mala görə ödənilmiş nağd pul NKA-ya vurulmayıb və kassa çeki verilməyib, buna görə sahibkara 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Sahibkar özü bu sənədi imzalamasa da, mağazadan alış-veriş edən müştəri çekin kassaya vurulmadığını təsdiqləyib və bu barədə izahat verib. İclasda sahibkara və onun nümayəndəsinə bu pozuntunun artıq 3-cü dəfə baş verdiyi xatırladılaraq sanksiyanın düzgün tətbiq olunduğu bildirilib. Nəticədə Apelyasiya Şurası Vergi Auditi Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarlarını qüvvədə saxlayıb.

Apelyasiya Şurasına digər sahibkarın şikayəti isə təmin edilib. Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs İlqar Hacıyevın vergi yoxlamasının nəticələrinin ləğv edilməsi barədə təkrar şikayəti araşdırılarkən məlum olub ki, vergi ödəyicisində aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş aktda bir sıra nöqsanlara yol verilib. Belə ki, kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləği düzgün hesablanmayıb, səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin xərcləri barədə təsdiqedici sənədlər, xərclərin artırılaraq vergiyə cəlb olunan gəlirin azaldılması haqqında məlumatlar, ümumiyyətlə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2010-cu il üçün gəlir vergisi üzrə cari və dəqiqləşdirilmiş bəyannamələr ətraflı araşdırılmayıb.

Bundan başqa, sahibkar öz müraciətində gəlir vergisi ilə ƏDV bəyannamələri arasında uyğunsuzluğun olmadığını, hər iki sənəddə mal təqdim olunmasından 496 min 140 manat gəlir əldə edilməsinin əksini tapdığını qeyd edib.

Araşdırmaların nəticəsi olaraq Vergi Apelyasiya Şurası İlqar Hacıyevin şikayətini təmin edib, kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilərək səyyar vergi yoxlamasının nəticələri barədə yeni qərarın qəbul edilməsi haqqında qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR