Bank Of Baku

Brüsseldə Avropa Birliyi liderlərinin sammiti keçirilir

Brüsseldə Avropa Birliyi liderlərinin sammiti keçirilir
# 09 dekabr 2011 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Brüssel (Belçika) şəhərində Avropa Birliyi liderlərinin növbəti zirvə görüşü keçiriləcək. “APA-Economics”in xəbərinə görə, görüşdə əsas müzakirə mövzusu Avropanı bürüyən borc böhranı olacaq.

Bundan başqa, AB-ni böhrandan çıxarmaq üçün Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozinin hazırladığı təkliflər paketi də liderlərin müzakirə edəcəyi sənədlər sırasındadır.

Qeyd edək ki, A.Merkel və N.Sarkozi dekabrın 5-də Avropa konvensiyalarına dəyişikliklər təklifləri üzərində işi başa çatdırıblar. Sənəddə Fransa və Almaniya avrozonaya daxil olan 17 ölkənin milli büdcələrinə nəzarət edəcək xüsusi orqanın yaradılması, büdcə kəsirinin həcmi üzrə Avropa qaydalarını pozan ölkələrə qarşı avtomatik sanksiyalar tətbiq olunması təklifi ilə çıxış edib. Sarkozi və Merkel yeni sazişin mart ayında imzalanmasını istəyirlər. Hazırkı qaydalara görə, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Amma AB-nin qanunvericilik aktlarında bu tələbi pozan ölkələrə qarşı hər hansı sanksiya nəzərdə tutulmur.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR