Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 24% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 24% artıb
# 09 dekabr 2011 12:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-oktyabr aylarında 19,549 mlrd. manat, məxaric hissəsi isə 20,572 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 23,9%, məxaric hissəsi isə 24,5% artıb.

Göründüyü kimi, yanvar-oktyabr aylarının yekununda bank kassa dövriyyəsində 1,023 mlrd. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 1,056 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici ötən ilin 10 aylıq göstəricisindən 43% çoxdur.

Əvvəlki dövrlərdə olduğu kimi, bank kassa dövriyyəsinin mədaxilin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 11,545 mlrd. manat və ya ümumi mədaxilin 59,1%-i daxil olub. Digər mənbələr sırasında hüquqi şəxslərdən daxilolmaları (4,6 mlrd. manat və ya 23,5%), fiziki şəxslərdən daxilolmaları (1,809 mlrd. manat və ya 9,3%) qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 6,938 mlrd. manat (33,7%), hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 6,889 mlrd. manat (33,5%), bankomatlara pul qoyuluşunun payına 6,113 mlrd. manat (29,7%) düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR