Bank Of Baku

Azərbaycanda plastik bank kartlarının sayı 9% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 9% artıb
# 09 dekabr 2011 13:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2011-ci ilin noyabrın 1-nə 4 471 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin noyabrın 1-nə nisbətən 368 min ədəd və ya 8,9% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 449 mini sosial kartlar, 1 305 mini əmək haqqı kartları, 553 mini digər debet kartları, 164 mini isə kredit kartlarının payına düşür.

Cari ilin 10 ayı ərzində plastik kartlarla 41 814 min əməliyyat aparılıb, əməliyyatların həcmi 5 850 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 10,9% və 21,5% artıb.

Debet kartları ilə aparılan əməliyyatların sayı 39 528 minə bərabər olub ki, bu da ümumi sayın 94,5%-ni təşkil edir. Debet kartları ilə keçirilən əməliyyatların həcmi isə 5 217 mln. manat, ümumi həcmdə payı isə 89,2% təşkil edib. Öz növbəsində kredit kartları ilə 2 287 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 633 mln. manata bərabər olub.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 132 manat, kredit kartları üzrə isə 276,8 manat təşkil edib.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 37 656 mini və ya ümumi sayın 90,1%-i nağd pulun çıxarılması ilə bağlı olub. Bu əməliyyatların həcmi 5 291 mln. manatdır ki, bu da ümumi həcmin 90,4%-ni təşkil edir. Beləliklə, Azərbaycanda plastik kartlar əsasən nağd pulların çıxarılması üçün istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR