Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı «Banklar fəaliyyətdə» adlı layihəsini davam etdirir

Azərbaycan Mərkəzi Bankı «Banklar fəaliyyətdə» adlı layihəsini davam etdirir
# 12 dekabr 2011 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) və «Junior Achievement Azərbaycan» (JAA) təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində «Banklar fəaliyyətdə» adlı layihəsini davam etdirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, «Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu» mövzusunda olan treninqlər 2011-ci ilin dekabrın 12-16-da AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) keçiriləcək.

AMB-nin Kommunikasiya Departamenti, TİM və JAA-nın təşkilatçılığı ilə keçirilən bu treninqlərin məqsədi ali məktəb tələbələrinin bank sahəsi üzrə biliklərinin artırılmasıdır. Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də Bakı Dövlət və Qafqaz universitetlərinin iqtisadiyyat fakültələrinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edəcək.

AMB-nin mütəxəssisləri tərəfindən keçiriləcək 5 günlük treninqlərdə tələbələrə mərkəzi bankçılıq, bank sisteminin strukturu, bankların iqtisadiyyatda rolu, bank tənzimlənməsi və digər məsələlər haqqında ətraflı məlumatlar veriləcək.

Qeyd edək ki, «Banklar Fəaliyyətdə» adlı layihə Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi Proqramı çərçivəsində keçirilir və hazırkı təlim bu çərçivədə həyata keçirilən artıq üçüncü tədbirdir.

Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR