Bank Of Baku

«İpək Yolu Sığorta» nizamnamə kapitalını artırır

«İpək Yolu Sığorta» nizamnamə kapitalını artırır
# 13 dekabr 2011 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «İpək Yolu Sığorta» ASC-nin (SW Insurance) adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 616 manat, sayı 17,5 min ədəd, emissiyanın ümumi həcmi isə 10,780 mln. manat təşkil edir. Emissiya «İpək Yolu Sığorta» şirkətinin bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 506 manat olan 17,5 min ədəd və 8,855 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 21,7% artaraq 10,780 mln. manata çatacaq.

Qeyd edək ki, «İpək Yolu Sığorta» ASC 1995-ci ildə «AZAL Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı «İpək Yolu Sığorta» ASC-yə dəyişib. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 20,546 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 84% çoxdur.

Hesabat dövründə toplanan sığorta haqlarında ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (13,341 mln. manat), «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (5,655 mln. manat) və «Ümumi mülki məsuliyyətin sığortası» (0,624 mln. manat) növlərinin payına düşüb.

Ödənişlərə gəldikdə isə bu müddət ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 7 dəfə artaraq 2,872 mln. manat olub. Sığorta ödənişlərində ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,842 mln. manat) növü üzrə ödənilib.

Şirkətin könüllü sığorta növləri üzrə toplanan yığımların həcmi 2,035 mln. manat, icbari sığorta növləri üzrə 0,197 mln. manat olub. Ödənişlərdə isə vəsaitin hamısı könüllü sığorta növləri (2,872 mln. manat) üzrə həyata keçirilib.

Hazırda şirkət 25 sığorta növü üzrə xidmət göstərir. Cari il oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 8,855 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR