Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi 9% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 9% artıb
# 14 dekabr 2011 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 147 dövlətlə 29,8 mlrd. ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 22,2 mlrd. dollarını və ya 74,4%-ni ölkədən ixrac olunmuş mallar, 7,6 mlrd. dollarını (25,6%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Ticarət əlaqələrinin 84,4%-i və ya 25,2 mlrd. dolları uzaq xarici ölkələr, 15,6%-i (4,6 mlrd. dollar) MDB ölkələri ilə aparılıb.

Azərbaycandan göndərilmiş malların 88,4%-i uzaq xaricə, 11,6%-i isə MDB-yə ixrac olunub və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, kimya və neft-kimya sənayesi məhsulları təşkil edib.

Azərbaycana idxal olunmuş məhsulların çox hissəsi isə (72,9%-i) uzaq xarici ölkələrdən daxil olub: «Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, ağacyonqarlı plitələr, kağız, karton məmulatları, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil edib».

Beləliklə, bu ilin 10 ayı ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 14,5 mlrd. dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 14 mlrd. dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 494 mln. dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 9% artıb, o cümlədən idxal 46% artıb, ixrac isə 3,7% azalıb.

Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycana 28,3 mln. dollarlıq humanitar və texniki yardım daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR