Bank Of Baku

Azərbaycanda mənzillərin icbari sığortası üçün vaxt məhdudiyyəti qoyulmayıb

Azərbaycanda mənzillərin icbari sığortası üçün vaxt məhdudiyyəti qoyulmayıb
# 19 dekabr 2011 11:18 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, mənzildən istifadə hüququnu təsdiqləyən sənəd olduğu halda vətəndaş evini bu sığorta növü üzrə sığortalaya bilər: «Ümumiyyətlə, mənzillərin sığortası ilə bağlı konkret vaxt təyin edilməsə də, bunun rahat rejimdə həyata keçirilməsi nəzərdə tutulur».

Sənədləri qaydasında olmayan evlərin sığortalanması məsələsinə isə N.Xəlilov bütün bu kimi işlərin, həmçinin «Daşınmaz əmlakın icbari sığortası» növünün tətbiqi işlərinin yerli icra hakimiyyəti orqanlarına həvalə olunduğunu bildirib.

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanun 2011-ci il oktyabr ayında qüvvəyə minib, dekabrın 16-dan isə qanunun icrasına başlanılıb. Qanunda yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib.

Sığorta məbləği Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub. Nəticədə, Bakıda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək.

Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və digər risklərdən sığortalayır.

Yaşayış evləri və mənzillərin icbari sığortası bu hadisələr nəticəsində mənzil sahiblərinə sığorta məbləğləri çərçivəsində sığorta ödənişlərinin verilməsini təmin edir. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə kompensasiya ödəyəcək ki, onlar əmlaklarını icbari sığorta etdirmiş olsunlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR