Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir - İCMAL

Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir - <font color=red>İCMAL</font>
# 19 dekabr 2011 14:22 (UTC +04:00)
Əlbəttə, bütün bunlara nail olmaq üçün Azərbaycan hökumətinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq siyasətinin də rolu az olmayıb. Ümumiyyətlə, son illərdə Azərbaycan bir sıra maliyyə təşkilatları ilə əlaqələrini daha da dərinləşdirib, bu təşkilatlardan müxtəlif layihələrin icrası üçün maliyyə vəsaitləri cəlb edib.

Azərbaycanın son illər ərzində əlaqələrini dərinləşdirdiyi və əməkdaşlığı genişləndirdiyi beynəlxalq maliyyə institutlarından biri də Asiya İnkişaf Bankıdır (AİB). Tərəflər arasında əlaqələr 1999-cu ilin sonunda qurulub. Belə ki, məhz 1999-cu ilin dekabrın 22-də Azərbaycan AİB-ə üzv olub. Azərbaycan Nazirlər Kabinetinin dərc etdiyi hesabata əsasən, tərəflər arasında əməkdaşlığın 10 ili ərzində, yəni 2010-cu ilin yanvar ayının 1-nə 7 layihə üzrə ümumi məbləği 598,4 mln. ABŞ dolları həcmində 10 kredit sazişi imzalanıb ki, bunlardan bir layihənin icrası başa çatıb, qalan 6 layihənin icrası isə davam etdirilir. Başa çatan layihə üzrə istifadə edilmiş kreditin ümumi məbləği 20,8 mln. dollar olub, icrada olan layihələrin ümumi həcmi isə 574,2 mln. dollar təşkil edir. AİB-lə imzalanmış kredit sazişləri üzrə 2010-cu il yanvarın 1-nə istifadə olunmuş vəsaitlərin cəmi 97,39 mln. dollar olub. Bu isə Bank tərəfindən ayrılan ümumi məbləğin 16,3%-nə bərabərdir.

Bankın tarixinə nəzər saldıqda görmək olar ki, AİB 1963-cü ildə Asiya və Uzaq Şərq üzrə İqtisadi Komissiya tərəfindən yaradılıb (sonradan bu komissiyanın adı Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyaya dəyişdirilib). AİB-in yaradılmasına dair saziş 1966-cı il avqustun 22-də qüvvəyə minib ki, elə həmin ilin dekabrın 19-da Bank öz əməliyyatlarına start verib. AİB-in nizamnaməsinə əsasən, Banka region ölkələri, BMT-nin və ya bu təşkilatın ixtisaslaşmış agentliklərinin üzvləri qoşula bilər. Hazırda AİB-ə 63 ölkə üzvdür və bu dövlətlərin əksəriyyəti Asiya regionuna daxildir. Postsovet ölkələrindən isə Azərbaycanla yanaşı Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Özbəkistan Bankın üzvləri sırasına qoşulub. Bankın əsas səhmdarları Yaponiya (İcraçılar Şurasında 13% səs), ABŞ (13%), Çin (5,6%), Hindistan (5,5%), Avstraliya (5,1%), İndoneziya (4,8%), Cənubi Koreya (4,4%) və Almaniya (3,9%) daxildir. Bankın dünyanın müxtəlif ölkələrində 23 regional nümayəndəliyi fəaliyyət göstərir. Qərargahı Manila şəhərində (Filippin) yerləşən AİB-in nizamnamə kapitalı 165 mlrd. dollar təşkil edir.

Bankın fəaliyyətinin əsas məqsədi inkişafda olan üzv ölkələrdə iqtisadi inkişafa, ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinə yardım göstərmək, regional əməkdaşlığı stimullaşdırmaq, yoxsulluq səviyyəsini azaltmaq, layihələrin icrası zamanı ətraf mühitə ziyanı minimuma endirmək və s. ibarətdir. AİB-in nizamnaməsinə uyğun olaraq, kreditlər əsasən iki fonddan (adi və xüsusi) ayrılır. Adi fondan kreditlər kommersiya şərtləri əsasında verilir, yəni bazar faiz dərəcəsi ilə və qısa müddətə (15-25 illik) verilir. Xüsusi fondan isə kreditlər güzəştli şərtlərlə (illik 1-3%) və uzun müddətə (25-40 illik) təqdim olunur. Ümumiyyətlə, AİB-in ayırdığı bütün kreditlərin güzəştli dövrü mövcuddur. Güzəştli dövr fonddan asılı olaraq 3-10 il civarındadır. Kreditlərin verilməsi ilə yanaşı AİB inkişafda olan ölkələrə müxtəlif layihələrin hazırlanmasında və icrasında ekspert xidmətləri üçün texniki yardım göstərir. AİB-in prioritet saydığı sahələr sırasına nəqliyyat, ticarət, energetika, kənd təsərrüfatı, sənaye, maliyyə və rabitə kimi sahələr aiddir. Bank həmçinin, kommersiya, idxal-ixrac və rəsmi təşkilatlarla birgə maliyyələşdirmə həyata keçirir.

Ümumiyyətlə, bu günədək AİB Azərbaycana energetika, nəqliyyat, su təchizatı, özəl sektorun inkişafı və digər sahələrdə həyata keçirilən 15 layihə üzrə 687,4 mln. dollar kredit ayırıb. Bununla yanaşı, əməkdaşlıq dövründə AİB Azərbaycanın maliyyə sektorunda layihələrin maliyyələşdirilməsinə 66 mln. dollar məbləğində 4 kredit təqdim edib.

Onu da qeyd etmək lazımdır ki, 2011-ci ilin ortalarında AİB Azərbaycan üzrə 2011-2013-cü illəri əhatə edən yeni biznes-plan təsdiq edib. AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono (Olly Norojono) bu mühüm hadisəni şərh edərkən bildirib ki, sözügedən biznes-plan çərçivəsində Bank Azərbaycana energetika, nəqliyyat və su təchizatı layihələrinin icrası üçün 1 mlrd. dollara yaxın vəsait ayırmaq niyyətindədir. Belə ki, ölkə üzrə əməliyyatlara dair biznes-plana əsasən, AİB Azərbaycana 2011-ci ildə 340 mln. dollar (ehtiyat kreditlər daxil olmaqla), 2012-ci ildə 355 mln. dollar, 2013-cü ildə isə 250 mln. dollar ayırmağı planlaşdırır. Eyni zamanda, biznes-planın icrası üçün AİB 2 mln. dollar dəyərində texniki yardım (qrant) ayıracaq.

Biznes-plana uyğun olaraq, Bank nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Həmçinin, Bakı ilə Gürcüstan sərhədi arasındakı əsas magistral yolların yenidən qurulması layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir. Bundan başqa, AİB-in Azərbaycanda enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsi, enerji təminatı ilə bağlı etibralılığın artırılması, paylama zamanı itkilərin azaldılması, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirmək niyyətindədir.

O.Noroyonun sözlərinə görə, cari ilin sonunadək AİB Naxçıvan, Ağdaş, Göyçay və Beyləqan rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Azərbaycana 300 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləməyi planlaşdırır. Ümumilikdə, 2011-ci ildə su təchizatı sahəsində kredit vəsaitlərindən 11 mln. dollar istifadə edilib. Enerji sektoruna gəldikdə isə, AİB bu il sözügedən sektorun inkişafına Azərbaycana 35 mln. dollar ayırıb.

«AİB tikintisi 2013-cü ildə başa çatacaq Masallı-Astara magistralının inşasının davam etdirilməsi üçün 200 mln. dollar məbləğində kreditin təsdiqini də planlaşdırır», - deyə O.Noroyono bildirib.

Layihələrə ayrı-ayrılıqda nəzər saldıqda görmək olar ki, bütün görülən işlər Azərbaycanın iqtisadi inkişafına əlavə təkan verir, əhalinin ümumi rifahını və həyat tərzini yaxşılaşdırır, dövlətə güzəştli şərtlərlə malliyyələşdirmə yardımı rolu oynayır.

Məsələn, AİB-in «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası və institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir. Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaşda və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sistemini yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir. Naxçıvanda isə infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsi ilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur. Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək.

Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq. AİB sözügedən layihə üzrə Azərbaycan hökumətinə ikinci tranşı da ayıracaq. Ümumiyyətlə, həcmi 600 mln. dollar olan «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» çərçivəsində həyata keçiriləcək ikinci layihə hazırda müzakirə mərhələsindədir. Sözügedən investisiya proqramı təxminən 500 minə yaxın insana göstərilən su və kanalizasiya xidmətlərinin əhatə dairəsini, keyfiyyətini və davamlılığını təkmilləşdirəcək. Həcmi 75 mln. dollar olan ilk kredit tranşından Göyçay və Naxçıvandakı su və kanalizasiya infrastrukturunun bərpası üçün istifadə olunur. İkinci layihə çərçivəsində Ağdaş, Göyçay, Naxçıvan və daha bir şəhərdə su və kanalizasiya sistemlərinin qurulması prosesinin başa çatdırılması nəzərdə tutur.

AİB-in Azərbaycanda həyata keçirdiyi digər layihələrdən biri də «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»dir. Layihənin icrası nəticəsində «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.

Eyni zamanda, AİB Azərbaycana ölkədə tikiləcək «Cənub» İstilik Elektrik Stansiyasının (İES) kommersiya maliyyələşdirilməsi üçün zəmanət verib. «Cənub» İES-in tikintisi üçün İslam İnkişaf Bankı «Azərenerji» ASC-yə 134 mln. avro, OPEC Fondu elektrostansiyanın inşası üçün 20 mln. dollar, Əbu-Dabi İnkişaf Fondu isə 40 mln. dollar vəsait ayırıb.

AİB həmçinin, Azərbaycanda alternativ energetika sahəsində özəl investisiya layihələrini dəstəkləməyə hazır olduğunu bildirib. Belə ki, Bank Azərbaycanda bu sahə üzrə müşahidələrini davam etdirir və ölkədə alternativ energetika sahəsində özəl investisiya layihələri olduğu halda dəstəkləyəcəyini bildirib.

AİB-in Azərbaycanda prioritet saydığı sahələrdən biri də nəqliyyat sektorudur. Bank Azərbaycanda avtomobil yolları sistemində həyata keçirilən layihələrin Multitranş Maliyyələşdirmə Vasitəsinin (Multitranche Financing Facility – MFF) birinci mərhələsi üzrə 200 mln. dollar ayırıb. İlk tranş Şimal-Cənub avtomagistralının Masallı-Astara hissəsinin yenidən qurulmasına sərf olunacaq. Tərəflər arasında kredit sazişi AİB-in Direktorlar Şurasının 2007-ci ilin sentyabr ayında təsdiqlədiyi və ümumi dəyəri 500 mln. dollar olan Multitranş Maliyyələşdirmə Vasitəsi çərçivəsində imzalanıb. Layihəyə Masalı ilə Astara arasında 59 km-lik sürət avtomagistralının tikintisi, yerli əhəmiyyətli yolların reabilitasiyası, yeni tikiləcək yol üzərində avtomobil-tərəzi stansiyasının qurulması və yol şəbəkəsinin idarə edilməsi üçün maddi-texniki bazanın yaradılması daxildir. Kreditin 190 mln. dollarını AİB adi kapital resurslarından yol infrastrukturunun təkmilləşdirilməsi üçün ayırıb, qalan 10 mln. dollar isə Asiya İnkişaf Fondundan güzəştli şərtlərlə institusional (təşkilati) bazanın möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Kreditin adi kapital resursundan ayrılan hissəsi AİB-in LİBOR əsaslı maliyyələşdirmə mexanizminə uyğun dərəcə ilə ilk 4 ili güzəştli olmaqla 24 ilə, AİF-in krediti isə ilk 8 ili güzəştli olmaqla 32 ilə, güzəştli hissəsi üçün illik 1%, digər hissəsi üçün isə illik 1,5% dərəcəsi ilə ayrılır. Layihənin icraçısı rolunda Azərbaycan Nəqliyyat Nazirliyi çıxış edir və işlər nazirliyin nəzdində olan «Azəryolservis» ASC tərəfindən həyata keçirilir. Xatırladaq ki, bu dörd zolaqlı avtomobil yolunun eni 27,5 metr olacaq.

Bununla yanaşı, AİB-lə Azərbaycan arasında Gəncə Dairəvi Avtomobil Yolunun tikintisi üçün əlavə vəsaitin (kreditin) ayrılması sazişi də mövcuddur. AİB-in Direktorlar Şurası layihənin icrası üçün 55,4 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Dairəvi yolun tikintisi layihəsi ümumilikdə 73,9 mln. dollar həcmində qiymətləndirilir. Çatmayan vəsaitin 18,5 mln. dollarını Azərbaycan tərəfi ayıracaq.

Eyni zamanda, AİB Azərbaycanda şəhər nəqliyyatının dayanıqlıqlı inkişafını müzakirə edəcək ki, bura şəhər nəqliyyatının idarə olunmasının effektivliyi, Bakı və digər şəhərlərdə intellektual nəqliyyat sisteminin hazırlanması, Bakı metropoliteninin genişləndirilməsi və modernləşməsi, avtobus strategiyasının yaxşılaşdırılmasında maraqlıdır. Belə ki, Azərbaycanda səfərdə olan Bankın nəqliyyat üzrə missiyası sözügedən məsələləri dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib.

Onu da qeyd etmək lazımdır ki, AİB-in CAREC Proqramı çərçivəsində Azərbaycan nəqliyyat sahəsində bir sıra layihələr həyata keçirir. Bunlardan Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək Layihəsini qeyd etmək olar. Layihə Şərq-Qərb dəmir yolu xəttinin reabilitasiyası layihəsi çərçivəsində həyata keçirilir. Hazırda ümumi uzunluğu 2 122 km olan Şərq-Qərb dəmir yolu xətti ilə hərəkət edən yükdaşıma qatarlarının Azərbaycanda orta sürəti 35 km/saat təşkil edir, xəttin 30%-nin reabilitasiyasına ehtiyac duyulur. Layihənin icrası nəticəsində yük qatarlarının sürətinin 80 km/saatadək, sərnişin qatarlarının isə 100 km/saatadək artırılması mümkün olacaq.

Ümumiyyətlə, Azərbaycanda həyata keçiriləcək Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək Layihəsi bir sıra mərhələlərdən ibarət olacaq ki, bura 240 km uzunluğunda dəmir yolu magistralının reabilitasiyası, dəmir yolunun 25 kV elektrik enerjisi ilə təminatı sisteminə keçidi, 50 ədəd yeni elektrovozun alınması və digər məsələlər daxildir.

Şərq-Qərb dəmir yolu xəttinin reabilitasiyası layihəsinin Azərbaycan seqmentinin ümumi investisiya dəyəri 1,750 mlrd. dollar həcmində qiymətləndirilir ki, bunun da I fazanın həyata keçirilməsi üçün nəzərdə tutulan 450 mln. dolları Dünya Bankı tərəfindən Azərbaycana kredit şəklində ayrılması artıq təsdiqlənib. Hazırda növbəti fazaların hazırlanması və onların reallaşdırılması üçün maliyyə vəsaitinin cəlb olunması ilə bağlı hazırlıq işləri aparılır. AİB bu layihənin potensial investoru kimi qiymətləndirilir.

CAREC çərçivəsində Azərbaycanda həyata keçirilən digər layihə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin böyük həcmli 5 yeni bərə və 2 konteyner daşıyan gəminin alınmasıdır. Hazırda Xəzər Dəniz Gəmiçiliyinin mövcud bərələri 28 vaqon daşıya bilir, yeni bərələrin alınmasından sonra isə hər bərə 56 vaqon daşıya biləcək. Layihənin ümumi dəyəri 69 mln. dollar məbləğində qiymətləndirilir ki, bunun da Gəmiçiliyin daxili imkanları hesabına maliyyələşdiriləcəyi gözlənilir. Yeni bərələrin və konteyner daşıyan gəmilərin alınması 2013-cü ilədək həyata keçiriləcək.

Ümumiyyətlə, «Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün biznes-plan» çərçivəsində AİB Azərbaycana nəqliyyat sektorunun inkişafına 495 mln. dollar məbləğində vəsait ayıracaq. Sözügedən vəsait Azərbaycanda şosse yolları, dəmir yolları və limanın rekonstruksiyası və bərpası, şəhər nəqliyyat infrastrukturu və xidmətlərinin təkmilləşdirilməsi, nəqliyyat sektoru üzrə idarəçilik və islahatlara yönəldiləcək.

«Bakı Limanının İnkişafı Layihəsinin 2013-cü il üçün hazırlanması planlaşdırılır. Artıq Azərbaycan layihənin hazırlığı üzrə birinci mərhələnin icrasına başlayıb. AİB bununla bağlı əlavə maliyyə vəsaiti ayırmağı planlaşdırır və layihənin tərtibatına iqlim dəyişikliyinə adaptasiya və iqlim təsirlərinin azaldılması tədbirlərini də daxil edə bilər», - deyə biznes-planda bildirilir.

İqlim təsirlərinin azaldılmasına gəldikdə, AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin iqlim dəyişməsi üzrə baş mütəxəssisi Piter Xeys (Piter Hayes) qeyd edib ki, AİB CAREC çərçivəsində Azərbaycanda iqlim dəyişməsi sahəsində (buxar qazlarının azaldılması) layihə icra etmək niyyətindədir. Onun sözlərinə görə, AİB-in 2002-2022-ci illəri əhatə edən İqlim Dəyişməsi Proqramı mövcuddur ki, bu strategiya Bankın 47 üzv ölkəsini əhatə edir. Strategiya çərçivəsində üzv ölkələrə maliyyə yardımı göstəriləcək ki, Qafqaz regionuna iqlim dəyişməsində adaptasiya üçün təxminən 1 mlrd. dolların ayrılacağı gözlənilir. Ümumiyyətlə, AİB bu strategiya çərçivəsində üzv ölkələrə 20 mlrd. dollar vəsait ayırmaq niyyətindədir.

CAREC Proqramı çərçivəsində həmçinin Azərbaycanda gömrük, ticarət və energetika sahələrində də əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.

Ümumiyyətlə, Azərbaycan CAREC-ə üzv olduğu ildən (2002-ci il) indiyədək bütün regionda insanların həyatının yaxşılaşdırılmasına kömək edən CAREC layihələrinə 3 mlrd. dollara yaxın sərmayə yatırıb.

CAREC Proqramı çərçivəsində keçirilən mühüm tədbirlərdən biri də Nazirlər Konfransıdır ki, VII və X konfranslar müvafiq olaraq 2008-ci və 2011-ci ilin noyabr aylarında Bakıda təşkil olunub. Məhz VII Nazirlər Konfransında «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» və Gəncə dairəvi avtomobil yolunun tikintisi üçün əlavə vəsaitin ayrılmasına dair iki kredit saziş imzalanıb.

X Nazirlər Konfransında isə 3 sənəd imzalanıb ki, bu, CAREC-2020 Strategiyası, əməkdaşlığın inkişafının icmalı və CAREC institutunun iş planıdır. Bundan başqa, Qırğızıstan və Tacikistan arasında imzalanmış transsərhəd daşımaları haqda sazişə Əfqanıstanın qoşulması haqda saziş də Bakı konfransı çərçivəsində imzalanıb.

Qeyd edək ki, Bakıda keçirilən hər iki Nazirlər Konfransında AİB-in prezidenti Haruhiko Kuroda (Haruhiko Kuroda) da iştirak edib. Bank rəhbərinin sözlərinə görə, proqram iştirakçısı olan ölkələrdə ötən 10 il ərzində ticarət dövriyyəsi artıb, həyat səviyyəsi yaxşılaşıb, 100-dən çox regional layihə həyata keçirilib və hazırda həyata keçirilir. Bu layihələrin icrasına (117 layihə) 17 mlrd. dollar xərclənib. Həyata keçirilən layihələrə yönəldilən vəsaitlərdən 5 mlrd. dolları AİB-in, 6,6 mlrd. dolları inkişaf üzrə digər tərəfdaşların, 3,7 mlrd. dolları üzv ölkələrin və 861 mln. dolları isə digər maliyyə donorlarının payına düşür. Bundan əlavə, AİB tərəfindən CAREC-ə 151 mln. dollar həcmində texniki dəstək göstərilib.

H.Kurodanın sözlərinə görə, 2017-ci ilədək proqrama üzv ölkələrdə ticarət əlaqələri 13 dəfə artacaq: «CAREC Proqramı çərçivəsində 27 enerji layihəsi nəzərdə tutulur ki, bu da proqramın ümumi büdcəsinin 27%-dir. CAREC növbəti 10 ildə daha səmərəli fəaliyyət göstərəcək, yeni marşrutlar və yeni xərclər tələb edəcək. CAREC-2020 Strategiyası çərçivəsində layihələrin həyata keçirilməsinə 50 mlrd. dollar həcmində vəsaitin sərf edilməsi planlaşdırılır».

Ümumiyyətlə, CAREC üzrə Nazirlər Konfransına Azərbaycanın ikinci dəfə sədrlik etməsi tərəfdaş ölkələrin Azərbaycana olan etimadının göstəricisidir. Konfrans çərçivəsində aparılan müzakirələr və təsdiq olunan sənədlər region ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir.

Ümumiyyətlə, AİB-in digər beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığına və birgə maliyyələşdirməyə gəldikdə, AİB-in İslam İnkişaf Bankı ilə əməkdaşlığını vurğulamaq olar. Məsələn, tərəflər arasında hər iki bankın üzv ölkələrində həyata keçirilən layihələrin icrasına 4 mlrd. dollar həcmində birgə maliyyələşdirməyə dair imzalanmış saziş mövcuddur. Sazişə əsasən, hər bank növbəti 3 il ərzində üzv ölkələrə 2 mlrd. dollar məbləğində vəsait ayıracaq. Maliyyələşdirmə əsasən infrastruktur, süni suvarma, kommunal xidmətlər, səhiyyə, təhsil və digər sahələrə yönəldiləcək. İmzalanan saziş üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi üçün üçüncü tərəfi də cəlb etmək imkanı verir. Hər iki bankın üzv ölkələri siyahısına Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İndoneziya, Banqladeş, Pakistan, Maldiv və Əfqanıstan daxildir.

AİB növbəti bir neçə il ərzində Azərbaycanda əsasən 3 sektora (nəqliyyat, şəhər xidməti və enerji sahələri) diqqət yetirəcəyinə baxmayaraq, həmçinin özəl sektorda yeni imkanlara baxmaq niyyətindədir. Hazırda AİB Azərbaycanın özəl sektorunda da fəaliyyət göstərir. Belə ki, Bank Azərbaycanın əsas sement istehsalçısı olan «Garadagh Cement» ASC-yə 20 mln. avro həcmində kredit ayırıb. Kredit illik istehsalın 30% artırılaraq 1,7 mln. tona çatdırılmasına və yanacağın istifadəsinin səmərəliliyinin artırılmasına yönəldiləcək. Sözügedən vəsait AİB tərəfindən bu regionda özəl sektorda infrastruktur layihəsi üçün ayrılan ilk kreditdir. Layihənin ümumi dəyəri 325 mln. avro təşkil edir ki, «Garadagh Cement» ASC qalan vəsaiti digər maliyyə institutlarından cəlb edib.

Bundan başqa, AİB Ticarətin Maliyyələşdirmə Mexanizmi Proqramı (TMMP) çərçivəsində Azərbaycanın bir sıra bankları ilə də əməkdaşlıq edir, onlara kreditlər ayırır. Belə ki, 2010-cu ilin aprel ayında AİB Azərbaycanın «Bank of Baku», «Access Bank», «AGBank», «Dəmir Bank» və «Bank Respublika» bankları ilə ticarətin maliyyələşdirilməsi sazişlərini imzalayıb. Sazişə əsasən, AİB «Bank of Baku»ya 1 mln. dollar, «AGBank»a 4 mln. dollar, «DəmirBank»a 5 mln. dollar, «Bank Respublika»ya 1 mln. dollar ayırıb, «Access Bank» üçün isə AİB qarant şəklində çıxış edir. Eyni zamanda, AİB Azərbaycan Beynəlxalq Bankına subordinasiya krediti ayırıb. Kreditin ilk yarısı (20 mln. dollar) Azərbaycan bankına illik LİBOR+3,85% dərəcəsi ilə 8 il müddətinə ayrılıb. Vəsait ABB-nin ikinci dərəcəli kapitalının artırılmasına yönəldilib. Bununla yanaşı, hazırda AİB Azərbaycanın bir sıra digər bankları ilə də əməkdaşlığa dair danışıqlar aparır.

Bundan başqa, gələcəkdə AİB üzv dövlətlərin təmsil etdiyi bölgədə Həmkarlar İttifaqı Platformasını yaratmaq niyyətindədir. Yaradılması nəzərdə tutulan Həmkarlar İttifaqı Platforması qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqələrin inkişafına təkan verəcək. Hazırda AİB-in tərkibində buna oxşar struktur mövcuddur və sözügedən platformanın bu struktur çərçivəsində yaradılması nəzərdə tutulur. Qeyd edək ki, hazırda AİB-in Asiya regionunda maliyyələşdirdiyi bir sıra layihələrdə QHT-lər də fəal iştirak edir.

Maraqlı faktlardan biri də odur ki, AİB Direktorlar Şurasının illik iclasını 2015-ci il və ya sonrakı illərdə Bakıda keçirmək niyyətindədir. Bununla bağlı artıq Bankın missiyası Azərbaycana səfər edib, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində görüşlər keçirib, ölkənin turistlərin qəbuletmə və logistika potensialını, tədbirin Bakıda keçirilməsinə dair digər məsələləri müzakirə edib.

Sonda onu da qeyd etmək olar ki, 2012-ci ildə AİB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını da planlaşdırır. Bank Azərbaycanla strateji tərəfdaşlıq planının hazırlanması üzərində işə artıq başlayıb və hazırda hökumətlə müzakirələr aparır. Strateji plan 5 il müddətinə nəzərdə tutulur və onun 2012-ci ilin sonunda təsdiqlənəcəyi gözlənilir.

Bütün bunları nəzərə alsaq, görmək olar ki, Azərbaycanla AİB arasında əməkdaşlıq durmadan inkişaf edir, əlaqələr getdikcə dərinləşir. Ümumiyyətlə, tərəflər arasında növbəti illərə olan planlar Azərbaycanın dinamik gələcəyinə ümidlə baxmağa əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR