Bank Of Baku

Azərbaycanda bir neçə qurum investisiya fondlarının yaradılması imkanlarını araşdırır

Azərbaycanda bir neçə qurum investisiya fondlarının yaradılması imkanlarını araşdırır
# 20 dekabr 2011 12:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar Dövlət Komitəsinə (QKDK) investisiya fondlarının yaradılması ilə bağlı rəsmi müraciət daxil olmasa da, bir neçə maliyyə təsisatı tərəfindən belə bir fondun yaradılması imkanları araşdırılır. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nin sədri Rüfət Aslanlı bildirib: «O cümlədən, komitədə də bununla bağlı görüşlər keçirilib və ümid edirik ki, yaxın gələcəkdə biz belə müraciətlərlə məşğul olacağıq».

R.Aslanlı qeyd edib ki, investisiya fondlarının yaradılması ilə bağlı investorların planlarına dünyanın maliyyə bazarlarında baş verən proseslər də təsir edir: «Həm əmtəə, həm pul, həm də kapital bazarlarındakı turbulensiyalar təbii ki, investorların davranışlarına korreksiyalar edir. Obyektiv olaraq biz bu prosesləri də nəzərə alırıq. Bununla belə, gələn il belə müraciətlərin daxil olacağını gözləyirik».

Komitə sədrinin sözlərinə görə, «İnvestisiya fondları haqqında» qanun qüvvəyə minəndən sonra onun icrası ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın yaradılması prosesi başa çatıb: «Bu gün Azərbaycanda müxtəlif növ investisiya fondlarının yaradılması və cari fəaliyyətini təmin edəcək hüquqi baza tam formalaşıb».

Həmçinin, investisiya fondlarının paylarının və onların emissiya etdiyi qiymətli kağızların Bakı Fond Birjasında ticarəti üçün də müvafiq elektron platforma hazırlanıb: «Faktiki olaraq investisiya fondlarının fəaliyyəti üçün həm hüquqi, həm də təşkilati, əməliyyat mühitinin formalaşması başa çatıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR