Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Layihəsi başa çatıb - FOTOSESSİYA

Azərbaycanda Korporativ İdarəetmə Layihəsi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2011 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) başa çatmasına dair tədbir keçirilib.

APA-ECONOMICS”in xəbərinə görə, tədbirdə çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova AKİL-in uğurla başa çatdığını bildirib.

O qeyd edib ki, 2005-2011-ci illər ərzində AKİL ölkədə korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərib. Layihə Azərbaycanın şirkət və banklarına əməliyyat fəaliyyətini təkmilləşdirməyə kömək edib: “Ölkə üzrə qabaqcıl təcrübələri təşviq etmək məqsədilə layihə dövlət orqanları ilə əməkdaşlıq edib və korporativ idarəetmə üzrə Milli Korporativ İdarəetmə Standartları daxil olmaqla 7 qanunvericilik aktının qəbul edilməsində yardım göstərib”.

İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulmann Şaban qeyd edib ki, layihəyə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfindən texniki dəstək göstərilib: “Ümumiyyətlə, SECO ilə Azərbaycan arasında əməkdaşlıq dövründə SECO tərəfindən Azərbaycana 70 mln. dollar vəsait ayrılıb”. İki ölkə arasında əməkdaşlıqdan danışan səfir qeyd edib ki, bu il Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının iclası keçirilib, gələn ilin oktyabr ayında isə Azərbaycan-İsveçrə biznes-forumunun keçirilməsi nəzərdə tutulub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, qlobal maliyyə böhranı fonunda AKİL-in təkmilləşdirilməsi daha da aktuallaşıb.

Layihənin rəhbəri xanım Karolina Brayt qeyd edib ki, AKİL bütün məqsədlərinə nail olub və təqdirəlayiq nəticələr əldə edib: “Bu yaxınlarda müştərilər arasında aparılan araşdırmanın nəticələri göstərir ki, son 6 ildə qabaqcıl korporativ idarəetmə meyllərinə ümumi meyl artıb. Rəyi soruşulan şirkətlərin 97%-i 2005-ci ildən korporativ idarəetmə təcrübələrinin yaxşılaşdığını, 80%-dən çoxu daxili sistemlərinin gücləndiyini, 70%-i müşahidə şurası təcrübələrinin effektivliyinin artdığını, 50%-dən çoxu isə daxili audit hesabatlarının tətbiq edildiyini və ya təkmilləşdirildiyini qeyd edib. Korporativ idarəetmə təcrübələrinin yaxşılaşması nəticəsində 80%-dən artıq şirkət öz qərar qəbulu proseslərini təkmilləşdirib, rolların və vəzifələrin dəqiq bölgüsünü aparıb, 50%-dən çoxu riskləri azaltmağa və reputasiyasını artırmağa nail olub, 30%-dən çoxu korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi nəticəsində investisiya cəlb etməyə müvəffəq olub”.

İki fazadan ibarət olan layihədə 13 şirkət iştirak edib. Layihə çərçivəsində 150 seminar və təlim-tədris tədbiri keçirilib, korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi üzrə 600 şirkətə məsləhət xidməti göstərilib, 132 mln. dollar həcmində investisiya cəlb etməkdə müştərilərə birbaşa yardım göstərilib və daha 550 mln. dollar həcmində investisiya cəlb edilməsinə kömək edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR