Bank Of Baku

Azərbaycanda plastik kart infrastrukturunun böyük hissəsi Bakıda cəmləşib

Azərbaycanda plastik kart infrastrukturunun böyük hissəsi Bakıda cəmləşib
# 17 fevral 2012 13:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycandakı bankomat və POS-terminalların əksəriyyəti Bakı şəhərinin payına düşür.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatda bildirilir ki, 2011-ci ilin sonuna ölkədə 2 132 bankomat olub ki, bu da 2010-cu ilin sonuna nisbətən 240 bankomat və ya 12,7% artıqdır.

Bankomatların 55%-i Bakıda, 45%-i ölkənin regionlarındadır. Ötən il paytaxtda bankomatların sayı 12%, bölgələrdə 13,6% artıb. Bu dəyişikliklərdən sonra Bakıda hər 10 min nəfərə 5,4 bankomat düşür. Ölkənin iqtisadi rayonları arasında Abşeronda 10 min nəfərə 2,3, Gəncə-Qazax bölgəsində 1,6, Şəki-Zaqatala və Quba-Xaçmazda 1,5, Naxçıvanda 1,4, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında 1,3, Lənkəranda 0,9, Yuxarı Qarabağda 0,3 bankomat düşür.

Ötən il POS-terminalların sayında daha ciddi artım baş verib. İlin sonuna ölkədəki POS-terminalların sayı 13 220-yə çatıb ki, bu da 2010-cu ilin sonuna nisbətən 5 348 terminal və ya 68% artım deməkdir.

POS-terminalların böyük hissəsi - 92%-i (12 153) Bakıda, 8%-i (1067) regionlardadır. Ötən il Bakıdakı POS-terminalların sayı 72%, regionlarda 33% artıb.

AMB-nin məlumatlarına görə, ölkədəki POS-terminalların 88,6%-i pərakəndə ticarət obyektlərində quraşdırılıb. Bakıda bu rəqəm 92%, bölgələrdə isə 51% təşkil edir.

Ciddi artım nəticəsində paytaxtda hər 10 min nəfərə düşən POS-terminalların sayı 47,3-ə çatıb. Digər regionlar arasında Abşeronda 10 min nəfərə 3, Gəncə-Qazax bölgəsində 2,7, Naxçıvan və Şəki-Zaqatalada 1,3, Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında 1, Lənkəranda 0,6, Dağlıq Şirvan 0,5, Yuxarı Qarabağda 0,1 POS-terminal düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR