Dünya Bankı bu il dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda ÜDM-in azalma templərinin 5,2% səviyyəsində olacağını proqnozlaşdırır. Bu, II Dünya Müharibəsindən sonra ən dərin tənəzzül deməkdir.
Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışına istinadən xəbər verir.
Bank 2021-ci ildə qlobal iqtisadiyyatın bərpa olaraq 4,2% artacağını proqnozlaşdırır. Qeyd edilir ki, daxili tələbat və təklif, ticarət və maliyyə sektorları ciddi zərbə aldığına görə inkişaf etmiş ölkələr arasında iqtisadi fəaliyyətin 2020-ci ildə 7% azalması gözlənilir. İnkişaf edən ölkələrdə ÜDM azalması 2,5% səviyyəsində olacağı gözlənilir.
Azərbaycanın da yerləşdiyi Avropa və Mərkəzi Asiya regionunda ÜDM-in bu il 4,7% azalacağı, 2021-ci ildə isə 3,6% artacağı gözlənilir.