Bank Of Baku

Bakıda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda konfrans keçirilib - FOTO

Bakıda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda konfrans keçirilib - FOTO
# 11 fevral 2020 18:11 (UTC +04:00)

Bu gün vergi xidməti işçilərinin peşə bayramı münasibətilə konfrans keçirilib.

"APA-Economics"in verdiyi xəbərə görə, tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri,  iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər. Konfransda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkənin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər və onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində  yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb. Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub, Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, "kölgədən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması  aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir. M. Cabbarov vergi sisteminin iqtisadi tənzimlənmədə mühüm rol oynadığını və sahibkarlığın inkişafının əsas hədəflərdən biri olduğunu qeyd edib, iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və  dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb. İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev "Vergi inzibatçılığında şəffaflığa aparan yol" mövzusunda təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") rəhbəri Nuran Kərimov "Kölgə iqtisadiyyatı ilə mübarizə və şəffaflıq", "Millennium" turizm şirkətinin direktoru Ruslan Quliyev "Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev "Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi", "Unimetal "MMC-nin direktoru Rüfət Əzizov" Vergi siyasətinin investisiya mühitinə təsiri" , AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Vergi orqanı: dünən, bu gün" mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər, iqtisadiyyatın şəffaflaşdırılması   məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Sonra konfrans öz işini panel iclasında davam etdirib. İclasda İqtisadiyyat və Vergilər nazirliklərinin, Mərkəzi Bankın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR