Belarus Maliyyə Nazirliyi maliyyə bazarlarında vəziyyətin pis olması səbəbindən avrobondların yeni emissiyasını təxirə salıb.
"APA-Economics"in "İnterfaks"a istinadən verdiyi məlumata görə, koronavirus səbəbindən investorların artan qeyri-müəyyənliyi bazarlarda vəsaitin cəlb edilməsini poza bilər.
"Yerləşdirmə olmayacaq. Doğrusu olacaq, lakin bir müddət sonra. Bazarlar koronavirusa görə dəli olub", - maliyyə dairələrindən bildirilib.
Vəziyyət yaxşılaşdıqdan sonra Belarus borc bazarına çıxacaq.
Qeyd edək ki, martın 2-də Belarus Maliyyə Nazirliyi iki tranşdan ibarət (dollar və avroda) yeni avrobondların buraxılışı ilə bağlı "road show"ya başlayıb.
Avrobondların təqdimatı artıq başa çatıb, "road show" isə qiymətli kağızların yerləşdirilməsinin, yəni müraciətlərin toplanmasının başlanğıcıdır. Belə bir vəziyyətdə yerləşdirmə yalnız yüksək faizlə baş verə bilər, lakin Belarus bahalı kreditləri qısa bir zamanda cəlb edilməsində maraqlı deyil. Yerləşdirmənin London Fond Birjasında (LSE) keçirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixinə Belarusun xarici dövlət borcu 1,4% artaraq 17,1 mlrd. ABŞ dollarına (ÜDM-in 27,1%-i) çatıb.