Bakıda "Azərbaycan Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" tvinninq layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
"APA-Economics"in məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, layihənin məqsədi Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilmiş və beynəlxalq səviyyədə tətbiq olunan audit standartları əsasında Hesablama Palatasının institusional və funksional potensialının artırılması, eləcə də palatanın öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaqla Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın gücləndirilməsinə və şəffaflığın artırılmasına töhfə verməkdir.
"Bu, Avropa İttifaqı ilə ilk layihədir. Biz beynəlxalq təşkilatlar tərəfindən təklif edilən Hesablama Palatası üçün əhəmiyyətli yeni layihələrə açığıq. Fəaliyyətimizdə beynəlxalq təcrübənin tətbiqində maraqlıyıq. Hesab edirəm, bu layihənin gələcək nəzarət və inzibati fəaliyyətimizdə böyük rolu olacaq", - deyə V. Gülməmmədov bildirib.
Öz növbəsində, Polşa Ali Audit İdarəsinin prezidenti Marian Banas bildirib ki, layihənin məqsədi Hesablama Palatasının fəaliyyətinin, ümumilikdə yoxlamaların keyfiyyətinin yaxşılaşdırılması idi və layihədə qoyulan məqsədə çatılıb.
Polşa Ali Audit İdarəsinin vitse-prezidenti və layihənin rəhbəri Vojciex Kutyla layihə çərçivəsində görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər, maliyyə, uyğunluq və səmərəlilik auditləri üzrə hazırlanmış və təkmilləşdirilmiş normativ-metodoloji sənədlər barədə danışıb və təqdimatlar çıxış edib.