Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən geoloji-kəşfiyyat və axtarış işlərinə yönəldilmiş dövlət vəsaitləri üzrə aparılan maliyyə əməliyyatları və təqdim olunan maliyyə hesabatlarının audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.
“APA-Economics” bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və axtarış işlərinə yönəldilmiş vəsaitlərdən istifadənin Hesablama Palatası tərəfindən aparılan auditinin nəticələrinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Xidmətin ştat cədvəli Nazirlik tərəfindən təsdiq olunsa da, ştatdankənar işçilər işə qəbul edilərək dövlət büdcəsinin vəsaiti hesabına 10 338 manat əlavə xərc edilib.
Bundan başqa, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzi “Analitik kimya laborator tədqiqatlar işlərinin aparılması”na və “Çovdar qızıl yatağının sulfit filizləri üzərində metallurq tədqiqatların aparılması”na dair təşkil edilmiş tenderin qalibi elan edilərək, 82 044 manat məbləğində podrat müqaviləsi bağlanılıb müvafiq əmr imzalansa da, əmrin bəzi bəndləri tam icra edilməyərək işçi qrupunun tərkibi Xidmətlə razılaşdırılmayıb və siyahısı rəhbərliyə təqdim edilməyib, xərclər smetaları təsdiq edilmədən büdcədənkənar vəsaitin xərclənməsinə yol verilib, Xidmətin təqdim etdiyi maliyyə hesabatlarında 82 044 manat vəsait öz əksini tapmayıb.
Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən auditin əhatə etdiyi dövrdə Dövlət satınalmaları haqqında qanunvericiliyin tələbləri gözlənilmədən, ümumilikdə 53 339 manat məbləğində vəsait üzrə satınalma prosedurları keçirməyərək 13 halda mal və xidmətlərin alışı müqavilələrə bölünərək xərc edilib.
Geoloji Planlama Ekspedisiyası Kiçik Qafqaz ərazisinin radioaktivlik xəritəsinin tərtibi layihəsinin layihə-smeta xərclərində cəlb edilmiş fəhlələrə mükafat və digər ödənişlərin verilməsi nəzərdə tutulmadığı halda partiyanın fəhlələrinə may ayında 2 029,37 manat məbləğində mükafat qismində əlavə ödənişlərə yol verilib.
Qeyd edək ki, audit xidmətin 2018-ci il hesabat dövrünü əhatə edib.