Mayın 4-dən etibarən Azərbaycan vətəndaşlara birdəfəlik müavinətlər təqdim olunur.
"Rabitəbank"dan "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına əsasən, "Rabitəbank" 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Belə ki, vətəndaşlar "Rabitəbank"ın lokal plastik kartlarını əldə edərək ödəmələrini bankın ATM-lərindən əldə edə biləcək.
Ödəmələr yalnız paytaxt Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən "Rabitəbank" filialına yaxınlaşaraq 190 manat birdəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.
Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və digər məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.