Ötən il Rusiyada yoxsulluq səviyyəsi 2018-ci illə müqayisədə 0,6 faiz bəndi azalaraq 12,3% təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinin apardığı araşdırmada deyilir.
Qeyd olunur ki, Rusiyada sakinlərin 1,9%-nin gəlirləri yaşayış minimumunun yarısından az hissəsini təşkil edir. Bu göstərici də 2018-ci ilə nisbətən azalıb. Belə ki, 2018-ci ildə bu 2,1% səviyyəsində olub.
Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, Tuva sakinlərinin 6,6%-nin maddi vəziyyəti son dərəcə çətindir. İnquşetiyada isə əhalinin 4,8%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Altayda isə bu göstərici 4,2% təşkil edir.
Mütəxəssislər koronavirus pandemiyasının səbəb olduğu qlobal böhranın insanların həyatına ciddi təsir göstərə biləcəyini xatırladıb və bildirib ki, mənfi effekt qismən dövlətin maliyyə dəstəyi ilə kompensasiya olunur.