İqtisadiyyat Nazirliyinin Kollegiyası “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilməli hesabatın təqdim edilməsi müddətini, formasını və qaydasını müəyyən edir.
Ölkələrarası hesabat Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə bu Qaydaya uyğun tərtib edilmiş formada transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır. Transmilli şirkətlər qrupu müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupu. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur. Əsas müəssisə qrupdaxili müəssisələrdə birbaşa və ya dolayısı ilə iştirak payı və ya səs hüququ 20%-dən çox olmaqla, rezidenti olduğu ölkədə tətbiq edilən ümumi mühasibatlıq prinsipləri əsasında Transmilli şirkətlər qrupu adından konsolidə edilmiş maliyyə hesabatını təqdim edən və ya rezidenti olduğu ölkədə səhmlərinin fond birjasında alqı-satqısı həyata keçirilən qrupdaxili müəssisədir. Müvəkkil müəssisə transmilli şirkətlər qrupu tərəfindən əsas müəssisəni əvəz edən müəssisə kimi təyin olunan və rezidenti olduğu ölkədə Ölkələrarası hesabatı təqdim edən müəssisədir. Qrupdaxili müəssisə transmilli şirkətlər qrupunun konsolidə edilmiş maliyyə hesabatında göstəriciləri əks olunan ayrıca müəssisə, transmilli şirkətlər qrupuna daxil olan və səhmlərinin fond birjasında alqı-satqısı həyata keçirilən müəssisə və həmin müəssisələrin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləridir.
Maliyyə ili transmilli şirkətlər qrupunun əsas müəssisəsinin maliyyə hesabatlarının əhatə etdiyi illik mühasibatlıq dövrü, hesabat verilən il transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 aydır. Səlahiyyətli Orqanlar arasında Razılaşma Azərbaycan Respublikasının vergi orqanları ilə digər ölkələrin səlahiyyətli orqanları arasında Ölkələrarası hesabatın avtomatik mübadiləsini nəzərdə tutan razılaşmadır. Öhdəlikləri yerinə yetirməyən ölkə Azərbaycan Respublikasının vergi orqanları ilə müvafiq Razılaşma olmasına baxmayaraq, avtomatik mübadiləni dayandıran yaxud qrupdaxili müəssisəsi Azərbaycanda yerləşən və Transmilli şirkətlər qrupuna dair Ölkələrarası hesabatı Azərbaycan vergi orqanlarına avtomatik təqdim etməli olduğu halda, təqdim etməyən ölkədir.
Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 mln. avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə Transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair Ölkələrarası hesabatı bu Qaydada göstərilən tarixdən gec olmayaraq vergi orqanlarına təqdim edir. Hesabatın verilməsini şərtləndirən məbləğ həddi Transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən edilir. Azərbaycan Respublikasında Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisəsi olmadıqda, onun Azərbaycan Respublikasında yerləşən rezident Qrupdaxili müəssisəsi aşağıdakı şərtlərdən biri olduqda bu Qaydada göstərilən tarixdən gec olmayaraq Azərbaycanın Respublikasının vergi orqanına Ölkələrarası hesabatı təqdim etməlidir:
- Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisə özünün rezident olduğu ölkədə Ölkələrarası hesabatın verilməsi öhdəliyini qanunvericiliyə əsasən daşımadıqda;
- Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Azərbaycanın Respublikasının da tərəfdar çıxdığı beynəlxalq müqaviləyə qoşulmasına baxmayaraq Ölkələrarası hesabatın təqdim edilməsi üçün bu Qaydada göstərilən tarixə qədər Azərbaycan Respublikasının vergi orqanları ilə Səlahiyyətli Orqanlar arasında Razılaşması olmadıqda və ya;
- Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən öhdəliklərin yerinə yetirilməməsi barədə Azərbaycan Respublikasının vergi orqanları tərəfindən Azərbaycanda rezident olan Qrupdaxili müəssisəyə məlumat göndərildikdə.
Transmilli şirkətlər qrupunun Azərbaycan Respublikasında rezident olan birdən çox Qrupdaxili müəssisəsi olduğu halda, bu Qayda nəzərə alınmaqla, Transmilli şirkətlər qrupu həmin müəssisələrdən birini Ölkələrarası hesabatı təqdim etmək üçün təyin edilməlidir. Transmilli şirkətlər qrupuna daxil olan Müvəkkil müəssisə transmilli şirkətlər qrupunun adından hesabatı bu Qaydada müəyyən edilmiş tarixdən gec olmayaraq təqdim etdikdə və aşağıdakı şərtlər, olduğu halda Qrupdaxili müəssisədən Ölkələrarası hesabatın təqdim edilməsi tələb edilmir:
- Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Ölkələrarası hesabatın göndərilməsini tələb etdikdə;
- Müvəkkil müəssisənin rezidenti olduğu ölkə ilə Azərbaycanın Respublikasının vergi orqanları arasında Səlahiyyətli Orqanlar arasında Razılaşma olduqda;
- Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən “öhdəliklərin yerinə yetirilməməsi barədə” Azərbaycan Respublikasının vergi orqanlarına məlumat göndərilmədikdə;
- Digər ölkədə yerləşən Qrupdaxili müəssisə Müvəkkil müəssisə olması barədə bu Qaydaya əsasən rezident olduğu ölkəyə bildiriş göndərdikdə və;
- Azərbaycan Respublikasının rezidenti olan Qrupdaxili müəssisə bu Qaydaya uyğun olaraq Azərbaycanın Respublikasının vergi orqanlarına bildiriş göndərdikdə.
Azərbaycan Respublikasının rezidenti olan və Transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə Hesabat verilən ilin 30 iyun tarixinədək bu Qaydaya əlavə edilən bildirişi elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir:
- Əsas müəssisə və ya Müvəkkil müəssisə olub-olmaması barədə;
- Əsas müəssisə və ya Müvəkkil müəssisə olmadığı halda, müvafiq hesabatı verməli olan müəssisənin təyin edilməsi və rezidentliyi barədə.
- Transmilli şirkətlər qrupunun maliyyə ili barədə.
Ölkələrarası hesabat vergi orqanına Hesabat verilən ilin sonunadək təqdim edilir. Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda dəqiqləşmiş hesabat səyyar vergi yoxlamasının başlanıldığı günədək təqdim edilir.
YENİLƏNİB'>