Bank Of Baku

Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər

Maliyyə nazirinin birinci müavini Anar Kərimov

© APA | Maliyyə nazirinin birinci müavini Anar Kərimov

# 16 iyun 2026 16:14 (UTC +04:00)

Halal iqtisadiyyatı artıq yalnız məhsullar, bazarlar və ya maliyyə institutları ilə məhdudlaşmır, qlobal sərhədləri aşan və regional inteqrasiyanı təşviq edən geniş ekosistemə çevrilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyatı” adlı Nazirlər Sessiyasında deyib.

Anar Kərimov bildirib ki, halal iqtisadiyyatının əhəmiyyəti son illərdə daha da artıb və bu sahə regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib.

“Bu gün biz artıq yalnız halal məhsullardan, halal bazarlardan və ya halal institutlardan danışmırıq. Biz sərhədləri aşan, müxtəlif bazarları və sahələri birləşdirən qlobal ekosistemlərdən danışırıq. Halal iqtisadiyyatı regional inteqrasiya üçün güclü alətə çevrilib və onun əsasında etimad, şəffaflıq, məsuliyyət və etika kimi fundamental dəyərlər dayanır”, – o vurğulayıb.

Birinci müavin qeyd edib ki, qlobal çağırışlar fonunda bu prinsiplərin əhəmiyyəti daha aydın görünür.

“Bu gün dünyada baş verən hadisələr göstərir ki, etimad və məsuliyyət kimi dəyərlər iqtisadi əməkdaşlığın əsas şərtidir. Regional inteqrasiyanın uğurlu olması üçün yalnız iqtisadi imkanlar deyil, həm də düzgün yanaşma və davamlı diqqət tələb olunur”, – Anar Kərimov bildirib.

O vurğulayıb ki, Azərbaycan iqtisadi sabitliyin və etibarlı maliyyə sisteminin formalaşdırılmasına xüsusi önəm verir.

“Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarını ötüb. Bu, ölkəmizin iqtisadi sabitliyi üçün möhkəm baza yaradır və uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə imkan verir”, – o qeyd edib.

Anar Kərimovun sözlərinə görə, Azərbaycanda İslam maliyyəsinin inkişafı da prioritet istiqamətlərdən biridir.

“İslam maliyyəsi bizim üçün sadəcə alternativ maliyyə modeli deyil. Bu model tərəfdaşlıq, risklərin bölüşdürülməsi və investisiyalara əsaslanır. Buna görə də İslam maliyyəsinin inkişafı yeni bazar seqmentinin yaradılmasından daha çox, iqtisadiyyatın şaxələndirilməsi, maliyyə inklüzivliyi və özəl sektorun dəstəklənməsi siyasətimizin tərkib hissəsidir”, – o bildirib.

Kərimov əlavə edib ki, Azərbaycanda artıq təkafül xidmətləri təqdim olunur, maliyyə institutları isə murabaha kimi İslam maliyyə alətlərini tətbiq etməyə başlayıblar.

“Özəl sektordan yeni İslam maliyyəsi layihələri ilə bağlı müsbət siqnallar alırıq. Hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərin elan olunmasının şahidi olacağıq”, – Kərimov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkəyə regional mərkəz olmaq üçün mühüm üstünlüklər verir.

“Azərbaycanın strateji coğrafi mövqeyi ölkəmizə regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevrilmək imkanı yaradır. Bu potensial yalnız milli inkişaf üçün deyil, həm də ticarət, investisiya, texnologiya transferi və müxtəlif sənaye sahələri üzrə regional əməkdaşlığın genişləndirilməsi üçün vacibdir”, – o bildirib.

Anar Kərimov çıxışının sonunda halal iqtisadiyyatının gələcəyinin ölkələr arasında daha güclü əlaqələrin qurulmasından asılı olduğunu vurğulayıb.

“Halal iqtisadiyyatının gələcəyi ayrı-ayrı bazarların böyüməsindən deyil, ölkələr, bizneslər, investorlar və imkanlar arasında əlaqələr qurmaq bacarığımızdan asılıdır. Əgər buna nail olsaq, halal iqtisadiyyatı regional inteqrasiyanın, ortaq rifahın və dayanıqlı inkişafın mühüm hərəkətverici qüvvəsinə çevriləcək”, – maliyyə nazirinin birinci müavini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR