2025-ci ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 26% artaraq 99,1 milyard manata çatıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə ölkədaxili kart əməliyyatlarında nağdsız dövriyyənin payı 68%-ə yaxınlaşıb.
“2026-cı ilin avqust ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% artıb. Eyni zamanda, kart əməliyyatlarında nağdsız ödənişlərin payı 69,8%-ə çatıb”, – Edqar Abdullayev qeyd edib.
O bildirib ki, 2025-ci ilin sonunda Azərbaycanda 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərib.
“2026-cı ildə isə iki ödəniş təşkilatı lisenziyasını elektron pul təşkilatı lisenziyasına dəyişərək daha geniş çeşiddə maliyyə texnologiyaları xidmətləri göstərməyə başlayıb”, – o vurğulayıb.
Edqar Abdullayevin sözlərinə görə, bu göstəricilər fintex sektorunun artıq bank sektoruna alternativ deyil, maliyyə sisteminin ayrıca institusional iştirakçısına çevrildiyini göstərir.
Assosiasiya sədri əlavə edib ki, Türk dövlətləri arasında ödəniş xidmətləri, elektron pul, bankçılıq və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi regional inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.