Azərbaycanın nominal ev sahib olduğu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation – CAREC) 20-ci Nazirlər Konfransı onlayn formatda keçirilib.
"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, Azərbaycanı sözügedən tədbirdə ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib.
Konfransda Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın nazirləri regional əməkdaşlıq vasitəsilə rəqəmsallaşmanı təşviq etmək və səhiyyə sistemini gücləndirmək üçün yeni uzunmüddətli (2030-cu ilədək) proqramlarını təsdqləyiblər.
"CAREC Digital Strategy 2030" strategiyası əhalinin təxminən yarısının internetə çıxışı olmayan bölgədə rəqəmsal infrastruktura investisiyaları təşviq edəcək. Strategiyanın məqsədi qadınlar və həssas əhali üçün iş yerləri yaratmaq, xüsusilə elektron ticarətdə biznes imkanlarını genişləndirmək və qarşılıqlı fəaliyyət göstərən rəqəmsal platformalar yaratmaq üçün rəqəmsal bacarıqları inkişaf etdirməkdir.
Bundan əlavə, "CAREC Health Strategy 2030" strategiyası isə üzv ölkələrin səmərəli nəzarət sistemləri və kifayət qədər laboratoriya infrastrukturunun olmasını təmin etməklə ictimai sağlamlıq təhdidlərinə cavab vermək qabiliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Strategiya tələbatın artımını qarşılamaq üçün kifayət qədər tibbi ləvazimatların olmasını təmin etmək üçün etibarlı tənzimləmə və satınalma mexanizmləri yaratmağa çalışaq. Bundan əlavə, miqrantlar, sərhəd icmaları və həssas qruplar üçün səhiyyə xidmətlərinin yaxşılaşdırılması üzrə tədbirlərdə strategiyaya daxildir.
Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, rəqəmsallaşma və bununla bağlı iqtisadiyyatın transformasiyası regional əməkdaşlığın daha da genişləndirilməsi aləti rolunu oynayacaq: ""CAREC Digital Strategy 2030" ölkə rəhbərliyinin təşəbbüsü ilə baş verən dəyişikliklərə öz töhfəsini verəcək. CAREC-in 2021-ci il üçün sədri kimi mən Azərbaycanın daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqini davam etdirmək öhdəliyini ifadə etmək istəyirəm".
Qeyd edək ki, birgə bəyanatda nazirlər CAREC-in Proqramını COVID-19 pandemiyasının çağırışlarına uyğunlaşmasına görə yüksək qiymətləndirib və digər prioritet sahələr arasında regionda iqtisadi dayanıqlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və ticarətin asanlaşdırılması sahəsində əldə olunan irəliləyişləri qeyd ediblər.