Bu ilin dekabrın 1-nə Azərbaycanın qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 773 133 təşkil edib.
"APA-Economics"in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, bu, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233 211 vahid çoxdur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,433 mlrd. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb, daxilolmalar üzrə proqnoz 309,6 mln. manat artıq icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artaraq 2,194 mlrd. manat olub, proqnoz 113,1% icra edilib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 118,8 mln. manat təşkil edib, proqnoz 108,2% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3% artaraq proqnoz 110,3% icra edilib. Həmin təşkilatların xəttilə işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə 87,9 mln. manat daxil olub.