Bəzi ölkələrin AQEM-in fəaliyyətinə marağı artır.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Nazir praktiki əməkdaşlığın təşviqinə yönəlmiş regional təşkilatların rolunun getdikcə artdığını və onlar arasında əməkdaşlığın vacib olduğunu bildirib: "Biz AQEM-i bu prosesdə mühüm iştirakçı hesab edirik. Müşavirə Avrasiya İqtisadi Komissiyası, ŞƏT Katibliyi və ŞƏT-in Regional Antiterror Strukturu ilə işgüzar əlaqələr qurub".
O, iştirakçı ölkələrin ortaq məqsədinin müşavirəni yeni reallıqlara uyğunlaşdırmaq, qitədə artım və rifahı təmin etmək üçün onun imkanlarından istifadə etmək olduğunu bildirib.
"Rusiya AQEM-in inkişafını həmişə praktiki qarşılıqlı fəaliyyət yolu ilə dəstəkləyib. Bu məqsədə nail olmaq üçün nəticəyönümlü tərəfdaşlarla işləyirik",- Lavrov qeyd edib.