Beynəlxalq maliyyə institutlarının böhranlara yanaşmasında hazırlıq, çeviklik əsas prinsiplərdəndir.
"APA-Economics" xəbər verir ki, Dünya Bankı Qrupunun Regional Vitse-Prezidenti Ousmane Diagana Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankının Dayanıqlılıq Dialoqu 2026: Yüksək Səviyyəli Panel Sessiyası”nda bildirib.
Onun sözlərinə görə, Dünya Bankı münaqişədən çıxan ölkələrin bərpası və dayanıqlılığının təmin olunmasını öz fəaliyyətinin mərkəzində saxlayır: "Ən yoxsul və həssas ölkələrə dəstək məqsədi daşıyan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) bu istiqamətdə mühüm rol oynayır. Hazırda Dünya Bankı Qərbi və Mərkəzi Afrika üzrə 22 ölkə ilə işləyir və onların yarısı fragil, münaqişə və həssas ölkələr kateqoriyasına daxildir".
O həmçinin bildirib ki, böhranlara hazırlıq öncədən təmin edilməli, prosedurlar sadələşdirilməli və layihələr daha çevik şəkildə icra olunmalıdır:
"Böhran baş verəndən sonra reaksiya vermək yox, əvvəlcədən hazır olmaq lazımdır. Məsələn, daşqın baş verəndən sonra deyil, əvvəlcədən müdafiə sistemləri qurulmalıdır. Bu səbəbdən böhran halları ümumi strategiyanın bir hissəsi olmalıdır ki, hadisə baş verdikdə dərhal istifadə oluna bilən mexanizmlər mövcud olsun. Bankda “sürətli reaksiya mexanizmi” mövcuddur və böhran baş verən kimi işə salınır. Məsələn, bu yaxınlarda Kabo-Verde kimi xarici şoklara həssas ölkələrdə bu mexanizmdən istifadə olunub".