Bank Of Baku

Hesablama Palatasının sədri büdcədənkənar dövlət fondlarının hüquqi bazasının təkmilləşdirilməsini təklif edib

Hesablama Palatasının sədri büdcədənkənar dövlət fondlarının hüquqi bazasının təkmilləşdirilməsini təklif edib
# 04 noyabr 2023 16:19 (UTC +04:00)

Cari ildən başlayaraq Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyəti üçün hüquqi baza yaradılıb və bu istiqamətdə işlər görülməkdədir.


APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, İşsizlikdən Sığorta Fondu üzrə də analoji bazanın yaradılması ən azı vəsaitlərin dəyərsizləşmədən qorunması istiqamətində töhfə vermiş olar: “Həmçinin, fikrimizcə, sığorta ehtiyatı anlayışının fərqli kateqoriyalar üzrə diversifikasiyalaşdırılması, bu məbləğin istifadə istiqamətlərinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi, sərbəst qalığa münasibətdə hədlərin konkretləşdirilməsi, investisiya gəlirlərinin ehtiyatların formalaşmasında iştirak payının dəqiqləşməsi investisiya fəaliyyətində, eləcə də ehtiyatların yaradılmasında risklərdən sığortalanma strategiyalarının hazırlanmasında vacib addımlardır”.

Vüqar Gülməmmədov qeyd edib ki, DSMF və İSF-nin xərc istiqamətləri ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji hədəflərə uyğun olmaqla və funksional istiqamətləri əhatə etməklə tərtib olunub: “Eləcə də əvvəlki illərlə müqayisədə müavinətlər üzrə proqnozlaşdırmada fərqli yanaşma tətbiq edilib, son illərin icra meylləri diqqətə alınıb. Bu, həmçinin pensiya ödənişləri ilə bağlı xərclərdə indeksləşmə ilə bağlı artımların və daha yüksək sığorta kapitalına malik vətəndaşların pensiyaya çıxanlar arasında payının artım meyilli olmasının diqqətə alındığını nəzərə çatdıraraq bu xərclərin maliyyələşməsində hər hansı kənarlaşmalar olmayacağını qeyd etməliyik. İSF üzrə də proqnoz göstəricilər tələb olunan məbləğlərə uyğun nəzərdə tutulub”.


Palata sədri qeyd edib ki, hər iki Fond üzrə fikrimizcə, baza ssenari proqnozların dəyişməyəcəyi şəraitdə gəlirlərin proqnoza uyğun icrasında risklərin olmayacağı qənaətindəyik və gəlir mənbələri hüquqi aktların tələblərinə uyğun şəkildə nəzərdə tutulub: “Bununla yanaşı, gəlirlərlə bağlı bir neçə əsas məqamı diqqətə çatdırmaq istərdim. İlk olaraq qeyd edim ki, hər iki fondun sığorta ödənişlərindən gəlirləri ilin sonuna gözlənilən icra göstəricisindən aşağı proqnozlaşdırılmışdır. Hər iki fond üzrə gözlənilən icra göstəricisinin proqnoz məbləğdən çox olması, hər il bu gəlirlərin formalaşdığı bazanın (əmək haqqı, məşğul əhalinin sayı və s.) müsbət davranış nümayiş etdirməsi fonunda bu meylin son illərdə davamlı xarakterə malik olması proqnozlaşdırma alətlərinə yenidən baxılmasını zərurətə çevirir. Həmçinin qeyd edim ki, DSMF və İSF büdcələrində sığorta ödəmələrinin eyni əmək haqqı fondu göstəricilərinə əsaslanmasına baxmayaraq İSF-də bu istiqamətdən gəlirlərin azalma ilə nəzərdə tutulması yuxarıda qeyd olunan qənaəti daha da gücləndirir. Göstərilənləri nəzərə alaraq, fikrimizcə, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması ilə bağlı hüquqi bazaya analoji bazanın yaradılması müsbət töhfə verərdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR