İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclər gəlirdən çıxılacaq.
APA xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin məbləği əvvəlki ilin əməyin ödənişi fondunun (yeni yaradılmış işəgötürənlər üzrə isə cari ilin ötən dövrünün əməyin ödənişi fondunun) 3 faizi həddi ilə məhdudlaşdırılır. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən bu təyinat üzrə xərclərin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərinin gəlirdən çıxılan məbləğ həddi bu təyinat üzrə xərclərin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılacaq
“Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri, tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama xidməti, infrastrukturun xidmət kimi (IaaS), platformanın xidmət kimi (PaaS), proqram təminatının xidmət kimi (SaaS) təqdim edilməsi və tətbiqi proqramlaşdırma interfeysi xidmətlərinə görə edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Bu azadolma alınan xidmətlərin vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə təkrar satışından əldə etdiyi gəlirə şamil edilmir.