Azərbaycan Mərkəzi Bankı (AMB) 2026 və 2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlarını yüksəldib.
“APA-Economics” xəbər verir ki, bu barədə AMB-nin faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib.
Yenilənmiş proqnozlara əsasən, cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları profisit gözlənilir. Bu, müvafiq olaraq ÜDM-in 10%-dən və 6%-dən yuxarı səviyyəsinə uyğundur.
Proqnozların artırılması əsas ixrac məhsullarının qiymətlərinin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracında müsbət meyillərin davam etməsi ilə əlaqələndirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətində 10,5 milyard dollarlıq müsbət saldo qeydə alınıb.