İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlakçı qiymətləri oktyabrda illik müqayisədə 5,2% artıb.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumatına görə, bu, 1997-ci ilin fevral ayından bəri qeydə alınan ən yüksək illik inflyasiya göstəricisidir.
Sentyabrda bu göstərici 4,6%-ə bərabər idi. Oktyabrda enerji qiymətlərinin bahalaşması 1980-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə – sentyabrdakı 18,9%-dən 24,2%-dək sürətlənib, ərzaq məhsullarının bahalaşması isə əvvəlki ay səviyyəsində qalıb – 4,5%.
G7 ölkələrinə gəldikdə, burada Yaponiyadan başqa bütün ölkələrdə inflyasiyanın sürətlənməsi müşahidə olunub. Oktyabrda Fransada inflyasiya 2,6%, Kanadada – 4,7%, Almaniyada – 4,5%, İtaliyada isə 3% təşkil edib. ABŞ-da bu göstərici 6,2%-ə, Böyük Britaniyada isə 3,8%-ə bərabər olub.