“Kəpəz” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” “Kəpəz” BOKT-un maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il təşkilatın xalis mənfəəti 2021-ci illə müqayisədə 18 dəfə artaraq 772 min 511 manata bərabər olub.
Hesabat dövründə təşkilat müştərilərə 6 milyon 926,6 min manat (2021-ci ilə nisbətən 80% çox) kredit verərək, 2 milyon 530,5 min manat (2021-ci ilə nisbətən 2.4 dəfə çox) faiz gəliri əldə edib. Bu dövrdə təşkilatın xalis faiz gəlirləri 1 milyon 891,6 min manat olub ki, buda 2021-ci illə müqayisədə 2.5 dəfə çoxdur.
Ötən il təşkilatın borcları artıb. Belə ki, 2022-ci ildə təşkilatın cəlb etdiyi müddətli borc öhdəlikləri 2021-ci ilə nisbətən 27.7 dəfə və ya 1.5 milyon manat artaraq 1 milyon 571.3 min manat, borc qiymətli kağızları (buraxılmış istiqrazlar) isə 47% və ya 1.4 milyon manat artaraq 4 milyon 412.2 min manat təşkil edib.
2022-ci ildə “Kəpəz” BOKT MMC-nin aktivləri 3 milyon manat və ya 59.3% artaraq 8 milyon 146.1 min manata bərabər olub. Öhdəlikləri isə 2,2 milyon manat və ya 59.2% artaraq 6 milyon 79.3 min manata yüksəlib.
2023-cü ilin yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 2 milyon 66.7 min manat təşkil edib ki, bu rəqəm əvvəlki illə müqayisədə 59.7% çoxdur.