Azərbaycanda vergi ödəyicilərinin aşkar edilmiş pozuntuları cərimə tətbiq edilməzdən əvvəl könüllü şəkildə aradan qaldırmasına imkan verən elektron sahə nəzarəti sistemi pilot rejimdə tətbiq olunur.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi vəzifəsini icra edən Samir Xalıqov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, sistem artıq istifadəyə verilib və regionlardan birində pilot rejimdə tətbiq edilir.
“Bu sistem vasitəsilə aşkar olunan pozuntular barədə vergi ödəyicilərinə elektron qaydada bildirişlər göndərilir və onların aradan qaldırılması üçün müəyyən müddət tanınır. Beləliklə, cəza tədbirləri tətbiq edilməzdən əvvəl pozuntuların könüllü şəkildə aradan qaldırılmasına imkan yaradılır”, – deyə S. Xalıqov bildirib.
O qeyd edib ki, Dövlət Vergi Xidməti vergi nəzarətində pozuntular baş verdikdən sonra tədbir görülməsindən daha çox onların əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına əsaslanan preventiv yanaşmaya üstünlük verir.
S. Xalıqovun sözlərinə görə, əsas məqsəd vergi ödəyicilərinin mümkün risklər barədə vaxtında məlumatlandırılması, könüllü əməletmənin təşviqi və vergi inzibatçılığının səmərəliliyinin artırılmasıdır.