Gələn il Azərbaycanda böyük sosial paket həyata keçiriləcək və bunun üçün maliyyə təminatı dövlət büdcəsində ehtiyat vəsait kimi nəzərdə tutulub.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bundan əvvəl də ölkə başçısının təşəbbüsü ilə silsilə ardıcıl olaraq Azərbaycanda sosial paket islahatları həyata keçirilib: “Bu sosial paket islahatları çərçivəsində ölkə üzrə minimum əmək haqqı, minimum pensiyalar dəfələrlə artırılıb və onun əhatə dairəsi də orta hesabla paketin yəni hansı ildə keçirilməsindən asılı olaraq 2 milyondan 3 milyon insan arasında dəyişib. Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan 400 manata çatdırmışıq, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Və çox kiçik bir dövr ərzində bu baş verib. Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən sonra bu sərəncam müvafiq fərmanı imzalandıqdan sonra həmin vəsaitlərin də müvafiq maddələri bölgüsü aparılacaq və o rəqəmləri də hər birimiz görəcəyik".
Nazir qeyd edib ki, əhalinin rifahının, xüsusilə də pensiyaçıların rifahının qorunması üçün ölkəmizdə hər il pensiyaların indeksasiyası həyata keçirilir: “İndeksasiya əvvəlki ildə orta aylıq əməkhaqqının artımına uyğun aparılır. Son beş ildə pensiyaların indeksasiyası orta hesabla 9 faizdən çox olub. Cari ilin 10 ayı üzrə inflyasiya 5,6 faiz təşkil edib, gələn il üçün inflyasiya proqnozu isə 5,3 faizdir. Pensiyaların indeksasiyasının inflyasiyadan yüksək olacağı gözlənilir".