Forum region ölkələri arasında investisiya əməkdaşlığını genişləndirməyə şərait yaradır.
Bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçısı, Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndəsi Samet Akyüz APA-ya açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd regiondakı investisiya imkanlarının birgə təşviqi və region ölkələrinin inkişafına töhfə verəcək investisiyaların cəlb olunması ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
“Bölgəmizdəki investisiya imkanlarının tanıdılması, regionun iqtisadiyyatına fayda verəcək investisiyaların cəlb edilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Kifayət qədər yaxşı təkliflər səsləndirildi”, – Samet Akyüz qeyd edib.
Türkiyəli nümayəndə digər ölkələrin investisiya agentlikləri ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
“Öz ölkələrimizin investorları bu regionlara gedərək, azərbaycanlı investorlar digər regionlara, türkiyəli investorlar isə bu bölgələrə gələrək daha çox əlavə dəyər və daha çox məşğulluq yarada bilərlər”, – o əlavə edib.