Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Technique” əmanət faizlərini artırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank Technique” ASC fevralın 25-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 3%-dək artırıb. Artım milli valyuta və avroda yeni açılmış depozitlərə şamil olunur.
Belə ki, əhali arasında ən populyar hesab edilən milli valyutadakı “Standart” əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəlib. Depozit 5 il müddətinə yerləşdirilsə, illik faiz ödənişləri məbləğin 16% təşkil edəcək. Həmçinin, avrodakı
“Standart” əmanəti üzrə illik faiz dərəcələri 7%-dən 8%-dək artırılıb. Bundan əlavə, “Bank Technique”, Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12 %-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq “Sığortalı” əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib.
Xatırladaq ki, əvvəl bu göstərici 9% təşkil edirdi. Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrinin artırdığını bildirir. Hazırda milli valyutadakı əmanətlərdə bu rəqəm 4%-dən 6%-dək qaldırılıb.
Ümumilikdə, yuxarıda qeyd olunan depozit növləri üzrə, əmanətlər müddətdən əvvəl belə götürüldükdə hesablanan faiz dərəcələri bank tərəfindən artırılıb. Bu halda faiz
dərəcəsi 2%-dək yüksəlib. Əmanətlərin digər şərtləri dəyişməz olaraq qalır. Bu və digər ətraflı məlumatı bankın saytındakı “Depozitlər” bölməsindən əldə etmək mümkündür.