Bakı. Pərviz Nuriyev - APA-Economiccs. “Bank VTB (Azərbaycan)” bu ilin 10 ayının nəticələrinə görə yüksək inkişaf dinamikası nümayiş etdirib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 noyabr 2014-cü il tarixinə bank “VTB (Azərbaycan)”nın aktivləri 274 mln. manata çataraq, 2013-cü ilin müvafiq göstəricisini 51% üstələyib. Bankın məcmu kapitalı 49,5 mln. manat təşkil edib. Ötən ilin həmin dövrü ilə müqayisədə məcmu kapitalın artımı 55% və ya 17 mln. manatdan çox olub.
1 noyabr 2014-cü il tarixinə kredit portfeli 63% artaraq 260 mln. manatı keçib ki, bunlardan da 137 mln. manat və ya 54% biznes-kreditləri, 123 mln. manat və ya 46% isə istehlak kreditləri təşkil edib. Ümumi kredit portfelində kiçik sahibkarlığın inkişafına ayrılan kreditlərin həcmi 84,4 mln. manat və ya 32,5% təşkil edib. Orta və iri sahibkarlığın kreditləşməsinə 52,7 mln. manat və ya 20% ayrılıb. Ötən ilin göstəricisi ilə müqayisədə istehlak kreditləri 46 mln. manat, kiçik biznesə ayrılan kreditlər 41 mln. manat, orta və iri sahibkarlığın maliyyələşməsi ayrılan vəsaitlər isə 13 mln. manat artıb.
Noyabrın əvvəlinə verilən istehlak kreditlərin əsas hissəsi avtokredit və nağd kreditlərin payına düşüb – müvafiq olaraq 24% və 18%.
1 noyabr 2014-cü il tarixinə bankın depozit portfelinin həcmi 18 mln. manatdan çox olunub. Hesabat dövrünə bankın gəliri 4 mln. manat təşkil edib ki, bu da ötənilki göstərici ilə müqayisədə 60% və ya 1,6 dəfə çoxdur.
1 noyabr 2014-cü il tarixinə bank “VTB (Azərbaycan)”nın 11 filialı fəaliyyət göstərib ki, onlardan da 7-si bu il istifadəyə verilib. Hesabat ilinin sonunadək bank Sumqayıt və Gəncə şəhərlərində də yeni filiallar açmaqla filial şəbəkəsinin sayını 16-ya çatdırmaq niyyətindədir.