Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Gəncəbank”ın aktivlərinin həcmi 133,738 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisi ilə müqayisədə 21,13% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,30% artaraq 118,393 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 869,38 min manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 45,96% azdır.
Bankın ipoteka kreditlərinin həcmi bu ilin yanvarın 1-nə 20,11% artaraq 21,827 mln. manat olub ki, bunun da 17,419 mln. manatı (79,81%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Son 1 ildə bankda vaxtı keçmiş kreditlərin həcmi 7,4% azalaraq 4,758 mln. manat təşkil edib.
Bankın depozit portfeli hesabat dövrü ərzində 21,85% azalaraq 4,912 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 244 min manata bərabər olub ki, bu da illik müqayisədə 79,12% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 5,37% artaraq 53,630 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.
2013-cü ilə nisbətən ötən il bankın gəlirləri təxminən 2,91 dəfə artaraq 14,584 mln. manat, xərcləri isə 3,07 dəfə artaraq 12,158 mln. manata çatıb.
Ötən il ərzində bankın əldə etdiyi mənfəət 2,426 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.