Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “PAŞA Həyat Sığorta” ASC bu ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrin tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda master-klasslar təşkil edəcək.
Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, master-klasslar iqtisadi sahədə təhsil alan III və IV kurs tələbələrinə şamil olunur.
Ayda bir dəfə (hər ayın sonuncu ongünlüyü) təşkil olunan dərslərdə maksimum 15 tələbənin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, tələbələr arasında bu dərslərin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.
Master-klassların nəticəsi olaraq potensial imkanlarından asılı olaraq həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan talantlı və qabiliyyətli tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də işləmək şansı da qazana bilərlər.
Dərslərdə iştirak etmək istəyən tələbələr şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında yerləşən baş ofisinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər. Sənədlər bu gündən başlayaraq iyulun 20-dək qəbul olunur.
Qeyd edək ki, “PAŞA Holdinq” Şirkətlər Qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,2 mln. manat təşkil edib.