Bakı - APA-Economics. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin avqustun 7-dən Fonda üzv olan və 2012-ci ilin iyulun 16-da sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin bütün əmanətçilərinin diqqətinə çatdırır ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən Fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
“APA-Economics”in xəbər verdiyi kimi, Fondun məlumatında deyilir ki, “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə ötən ilin iyulun 21-də dərc edildiyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu ərizə qəbulu üçün son müddətin 2013-cü ilin iyulun 22-si olduğunu (iyulun 21-i bazar günü olduğunu nəzərə alaraq) ictimaiyyətin diqqətinə çatdırır və bu günə qədər qorunan əmanətləri üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərə zəruri sənədləri toplayaraq tez bir zamanda Fond tərəfindən seçilən agent banklara (“Muğanbank” ASC, “Bank Respublika” ASC və “AGBank”ASC) və onların filiallarına müraciət etmələrini xahiş edir.
Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edən filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumatı Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsinə (adif.az) daxil olaraq, Fondun əlaqə nömrələrinə: (012) 596 65 91/92/93 və “941” qaynar xəttə zəng edərək və ya Fondun ofisinə (Bül-bül pr. 40) gələrək almaq olar.
Əlavə olaraq bildirmək istərdik ki, sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə qorunan əmanətinin 100%-i həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.