"Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2022-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 9 mlrd. 382 mln. dollara kimi artacağını proqnozlaşdırır.
”APA-Economics” agentliyin yaydığı hesabata istinadən xəbər verir ki, 2017-ci ildə AMB-nin valyuta ehtiyatı 5,3 mlrd. dollar olub. “S&P”nin proqnozlarına görə, 2018-2021-ci illər ərzində bankın valyuta ehtiyatları 75,8% artacaq.
Agentliyin hesablamalarına görə, AMB-nin valyuta ehtiyatları cari ildə 5 mlrd. 802 mln. dollara, 2019-cu ildə 6 mlrd. 987 mln. dollara, 2020-ci ildə isə 8 mlrd. 167 mln. dollara kimi artacaq.
Bundan başqa, beynəlxalq reytinq agentliyinin məlumatına görə, AMB-nin valyuta ehtiyaclarının həcminə görə ən çox olduğu dövr 2014-cü ilin 30 iyun tarixi olub. Belə ki, həmin zaman Mərkəzi Bankın valyuta ehtiyatları 15 mlrd. 163,2 mln. dollar olub.
2014-cü ilin ikinci yarısından etibarən isə AMB-nin valyuta ehtiyatları manatın məzənnəsinin saxlanılması üçün istifadə olunmağa başlayır ki, bu da valyuta ehtiyatlarının azalmasına səbəb olur. 2014-cü ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 13 mlrd. 758,3 mln. dollara, 2015-ci ilin sonunda isə 5 mlrd. 16,7 mln. dollara, 2016-cı ilin sonunda - 3 mlrd. 974,4 mln. dollara qədər enib. Ötən ildən valyuta ehtiyatlarının həcmi artmağa başlayıb və cari ilə qədər 5 mlrd. 334,6 mln. dollara çatıb.