Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” makroiqtisadi proseslərlə əlaqədar cari il üzrə proqnozlarını dəyişib.
Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov “APA-Economics”ə bildirib ki, bir-iki ay bundan əvvəlki proqnozlara yenidən baxıb və proqnozları sərtləşdirib.
“Ümumiyyətlə, biz makroiqtisadi prosesləri müşahidə edərək bu il müəyyən qədər daha mühafizəkar olacağıq. Məhz bu səbəbdən əvvəlki proqnozlara yenidən baxılıb və daha sərtləşdirilib. Yəni, biz hazırda təxminən 8-10% artım səviyyəsində işimizi qurmaq fikrindəyik. Amma yenə də bu, bir sıra makroiqtisadi proseslərə birbaşa bağlıdır. Bildiyiniz kimi, son 1 il ərzində ümumiyyətlə dünyada müəyyən proseslər müşahidə olunur. Ola bilsin ki, iqtisadi proseslər sürətlə dəyişilsin. Biz də işimizi buna bağlı quracağıq. Məhz buna görə də, biz bir-iki ay əvvəlki proqnozlara baxıb, onları bir balaca mühafizəkar səviyyəyə gətirib çıxarmışıq. Biz əvvəl təxminən 15-18% arası artım nəzərdə tuturduq. Amma çox güman ki, artım 10%-dən yüksək olmayacaq, haradasa 7-9% təşkil edəcək”, - deyə V. Hüseynov vurğulayıb.