Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə, “YapıKredi Bank Azerbaijan”ın aktivlərinin həcmi 352,443 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 12,34% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,81% artaraq 267,467 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 98,967 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 15,03% çoxdur, avtomobil kreditlərinin həcmi isə 41,49% azalaraq 13,914 mln. manata çatıb.
İpoteka kreditlərinin həcmi isə, 10,918 mln. manat, 2013-cü ilə nisbətən 72,3% çox olub.
Bötən il bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən il ilə müqayisədə təxminən 2,43 dəfə artaraq 12,081 mln. manat olub.
2014-cü ildə bankın depozit portfeli 7,53% artaraq 131,590 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 31,192 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 42,76 dəfə çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 3,77% artaraq 62,884 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 811 min manat təşkil edib.
2014-cü ildə bankın gəlirləri ötən ilə nisbətən 28,90% artaraq 48,691 mln. manat, xərcləri isə 26,06% artaraq 39,907 mln. manat təşkil edib.
Ötən il ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 666,69 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 16 filialı, 27 bankomatı, 2 994 POS-terminalı fəaliyyət göstərir.