Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurum olan «ABB-Moskva» bankı «Prestige Club»un üzvü olan müştərilər üçün «private banking»in «Multi Family Office» (Prestige Club MFO) adlı yeni sahəsini açıb.
ABB-dən «APA-Economics»ə verilən məlumata görə, «Multi-Family Office» ailə kapitalının gələcək nəsillər üçün saxlanılması və artırılması məqsədi daşıyan, imkanlı müştərilərin maddi və qeyri-maddi aktivlərinin idarə edilməsini təmin edən çoxistiqamətli sistemdir.
«ABB-Moskva» «Prestige Club MFO» çərçivəsində «private banking» müştərilərinə aktivlərin idarə edilməsi, konsaltinq xidmətləri, immiqrasiya xidmətləri, vergi planlaşdırılması, alternativ investisiyalar və s. sahələri əhatə edən xidmətlər təklif edir.
Bankın icraçı direktoru, investisiya və özəl bank biznesi blokunun rəhbəri Fəqan Nağıyev iki il öncə «Prestige Club» brendi altında bankda «private banking» sahəsinin yaradıldığını bildirərək, qeyd edib ki, keçən müddət ərzində bankda «private banking»in inkişaf templəri və maliyyə göstəriciləri bu sahəni bank üçün prioritet sahələrdən birinə çevirib. «Multi-Family Office» üzrə müştərilərimizə xidmətlərin göstərilməsi, bankımızda «private banking» sahəsinin inkişafının yeni və vacib mərhələsidir. Bu istiqamətdə müştərilərə keyfiyyətli xidmətlər təklif etmək məqsədi ilə bank bu sahə üzrə ixtisaslaşan beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və bu fəaliyyət sahəsini daha çox inkişaf etdirmək niyyətindədir», - deyə F.Nağıyev bildirib.
Qeyd edək ki, «ABB_Moskva» 2002-ci ildə fəaliyyətə başlayıb. Bank Rusiyanın TOP-150 bankları sırasına daxildir.