Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «AXA-Mbask» ASC-nin adi adlı sənədsiz səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlanılıb.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 5 240 ədəd, emissiyanın ümumi həcmi isə 2 001 680 manat təşkil edir.
«AXA-Mbask» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» şirkəti çıxış edir. Yerləşdirmə BFB vasitəsilə keçirilir və başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 29,7% artaraq 8,733 mln. manata çatacaq.
Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb və 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros Generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib.