Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-də maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilib və Azərbaycan Mərkəzi Bankından (AMB) daha 8 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınıb.
«APA-Economics»ə Nazirliyə istinadən verdiyi məlumata görə, hazırda ölkə ərazisində «Azərpoçt» üzrə 70 POS-terminal və 14 ATM müştərilərə xidmət göstərir.
Qeyd edək ki, «Azərpoçt» MMC-nin AMB-nin AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə inteqrasiyası başa çatdırılıb və xarici banklarda («Citybank», «Raifaizenbank», «Sberbank») müxbir hesablar açılıb. «Azərpoçt» MMC «MasterCard» beynəlxalq ödəniş sistemi tərəfindən verilmiş lisenziyaya əsasən 2012-ci il fevralın 10-dan etibarən «MasterCard» brendli beynəlxalq plastik kartların emissiyasını və ekvayrinqini həyata keçirir. Hazırda 5500-dək beynəlxalq statuslu plastik kartlar emissiya edilib. «MasterCard» brendli kartlar müştərilərə verilib və bu sahədə işlər davam edir.