Bakı. Vahab Rzayev – APA-Economics. «Standard&Poor's» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Baghlan Group FZCO» şirkətinin reytinqini «B» səviyyəsindən «B-» səviyyəsinə qədər endirib, reytinq üzrə proqnoz isə «neqativ» kimi müəyyən edilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin məlumatında deyilir.
Məlumata əsasən, reytinqin endirilməsi likvidliyin qabaqlayıcı idarəetməsinin olmadığını, risklərin idarə edilməsi və məlumatların açıqlanmasının kifayət qədər adekvat olmadığını əks etdirir. Bildirilir ki, bu ilin oktyabrında şirkət maliyyə borcları üzrə bəzi ödənişlərin təmin edilməsində texniki gecikməyə yol verib və bu, ölkədə zəif ödəmə mədəniyyətinin olması və bank sistemində likvidliklə gözlənilməz problemlərlə bağlı olub. Hazırda bu ödənişlər həyata keçirilib, bank həmçinin ödənişlərin vaxtında keçirilməməsinə görə şirkətə dəbbə ödəyib və defolt baş verməyib. Lakin Agentlik hesab edir ki, bu hal şirkət tərəfindən problemin vaxtında həll edə bilmədiyini göstərir.
Qeyd edək ki, şirkətin reytinqi «CreditWatch» siyahısından çıxarılıb, çünki «Standard&Poor's» hesab edir ki, bu yaxınlarda 100 mln. manat dəyərində yaşayış daşınmaz əmlakının satılması şirkətə qısamüddətli likvidliyin təmin edilməsinə kömək edəcək.
Reytinq üzrə «neqativ» proqnoz likvidlik risklərini nəzərdə tutur ki, bu da öz növbəsində dövriyyə kapitalı azaldığı və ya ölkənin bank sisteminin zəiflədiyi halda baş verə bilər.
Məlumatda deyilir ki, şirkətin likvidlik göstəriciləri Agentliyin meyarlarına uyğun «zəif» səviyyəsinə kimi pisləşəcəyi təqdirdə reytinq daha da endirilə bilər. Eyni zamanda, əgər «Baghlan Group» qısamüddətli borcunu yenidən maliyyələşdirə bilərsə, reytinq üzrə proqnoz «sabit»ə dəyişdirilə bilər.